Xəbər verdiyimiz kimi oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında təkbətək görüş olub.
1xeber.media xəbər verir ki,Globalinfo.az-a açıqlamasında Türkiyəli politoloq Engin Özer deyib ki, bu bəyanatlar Vladimir Putinin açıq bir şəkildə Azərbaycanla münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu göstərir:
“Əslində, geosiyasi vəziyyəti bir kənara qoysaq, Rusiya ilə Azərbaycan arasındakı bu gərginliyin ən böyük səbəbi təyyarənin vurulması idi. Və Rusiyanın bunu etiraf etməsi ən azı, geosiyasi müstəvidə davam edən gərginliyə baxmayaraq, bu, yerlərdə, yəni dövlətlər arasında gündəlik münasibətlərdə gərginliyin azalmasına gətirib çıxaracaq. Vladimir Putin mühüm addım atdı. Başqa sözlə desək, bu etirafı xoş niyyət əlamətidir. Görünən odur ki, Rusiya Qafqazda daha çox gərginliyin olmasını istəmir və Azərbaycanla mövcud münasibətləri saxlamaq niyyətindədir. Bu, müsbət inkişafdır. Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi buna nəticə etibarilə mühüm təsir göstərib. Ona görə də müsbət prosesin başladığını deyə bilərik”.