Вернуться назад Распечатать

Xocalıda Ballıcanın ilk AFAQ-çıları adlı tədbir keçirilib

Oktyabrın 10-da Xocalı rayonunun Ballıca kəndində “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı və “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə AFAQ layihəsi çərçivəsində “Ballıcanının ilk AFAQ-çıları” adlı tədbir keçirilib.

1xeber.media xəbər verir ki,Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına dəstək vermək, xüsusilə qadın fermerlərin bu sahədə fəallığını artırmaq və onların dayanıqlı təsərrüfatlar qurmasına şərait yaratmaq olub. Bu çərçivədə ümumilikdə 53 fermerə müxtəlif istiqamətlərdə dəstək göstərilib.Tədbirdə Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə xüsusi nümayəndəliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları  “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, eləcə də kənd sakinləri iştirak ediblər.

Çıxış edən natiqlər bildirib ki, fermerlərə dəstək məqsədi daşıyan sosialyönümlü təşəbbüslər arasında bu layihə xüsusi yer tutur. Bugünədək layihə çərçivəsində 312 qadına dəstək göstərilib, bu ildən həm də qadın kooperativlərinin yaradılmasına yardım edilir. Belə təşəbbüslər, kənd yerlərində məşğulluğun artırılmasına, yerli istehsalın güclənməsinə və sosial rifahın yaxşılaşdırılmasına mühüm töhfə verir. Layihə qadınların iqtisadi fəallığının artmasına, həmçinin kənd təsərrüfatında innovativ və dayanıqlı istehsalın inkişafına şərait yaradır. AFAQ layihəsi çərçivəsində Xocalıda hər birində 5 qadının yer aldığı “Güllü Yaylaq” və “Qızıl Pətək” adlı iki kooperativ təsis edilib. Bu kooperativlər kənd təsərrüfatı məhsullarının emalı və satışı ilə məşğul olacaq, nəticədə kənd qadınlarının məşğulluq və gəlir imkanları daha da genişlənəcək. Qeyd edək ki, fermerlər üçün biznes idarəçiliyi, maliyyə savadlılığı, heyvandarlıq, arıçılıq, quşçuluq, tingçilik və kooperativ idarəçiliyi mövzularında təlimlər təşkil olunub. Təlimlərdə iştirakçılara nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar da öyrədilib.Tədbirin yekununda fermerlərin təsərrüfatlarını inkişaf etdirmələrinə dəstək məqsədilə 86 ədəd avadanlıq və 18 ton yem təqdim olunub, həmçinin iştirakçılara sertifikatlar verilib.