“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın regional turları başa çatıb.
1xeber.media xəbər verir ki, Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə keçirilən yarışda 2 komanda finalçılar sırasına adını yazdırıb.
110/35/10 kV-luq “Ağ şəhər-2” yarımstansiyasında təşkil olunan sonuncu regional turun açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib. Çıxış zamanı bildirilib ki, yarışların keçirilməsi mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirmək məqsədi daşıyır. Eləcə də energetiklər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji sektorunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumatlar əldə edir. Həmçinin mütəxəssislər “Azərişıq” ASC-nin 5 il ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi irimiqyaslı layihələr haqqında informasiya qazanırlar.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Bakı RETSİ üzrə 15 komanda – “Abşeron RETSİ”, “Biləcəri ETSİ”, “Binəqədi RETSİ”, “Xətai RETSİ”, “Xəzər RETSİ”, “Qaradağ RETSİ”, “Maştağa ETSİ”, “Nərimanov RETSİ”, “Nəsimi RETSİ”, “Nizami RETSİ”, “Sabunçu RETSİ”, “Səbail RETSİ”, “Suraxanı RETSİ”, “Yasamal RETSİ”, “Zirə ETSİ” nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 sual cavablandırıblar.
Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələnin nəticələrinə əsasən “Yasamal RETSİ” regional turun qalibi, “Xəzər RETSİ” isə ikinci yerə çıxaraq finalçılar sırasına adını yazdırıb. Beləliklə, ümumrespublika Peşə Ustalığı Yarışlarının Hadrutda təşkil olunacaq final turunda 11 region üzrə 12 komanda iştirak edəcək.
Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.