Вернуться назад Распечатать

“Bir əldə üç qarpız” – İTS, TƏBİB, yoxsa Səhiyyə?

Şikayətçi Orxan Həsənov Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bir analiz üçün onun başına açdığı oyunu ictimailəşdirib.

1xeber.media Tribunainfo.az-a istinadla xəbər verir ki,bu barədə Facebook sosial şəbəkə hesabında  yazan şikayətçi qeyd edib ki, klinikalar problemi bir-birinin üstünə atmaqla gələn pasiyentə kömək etmirlər.

Şikayətçi O.Həsənov bildirib:

“Bugün səhər saatlarında Kliniki Tibbi Mərkəzdə həkim-uroloqun qəbulunda olmuşam. Mənə bildirdi ki, aşağıda qeyd edilən testləri verməlisən, lakin heç bir dövlət tibb müəssisəsində bu testi vermək üçün reaktiv yoxdur. Özəl tibb müəsissəsinin blankında göndəriş yazdı və bura yaxınlaşmağımı bildirdi. Bununla bağlı 1542 çağrı mərkəzi ilə əlaqə saxladım və mənə bildirildi ki, bu testlər dövlət tibb müəssisəsində var və bunun üçün sığorta şöbəsinə yaxınlaşmalıyam ki, onlar göndəriş versin.

Yenidən qayıtdım ora və sığorta şöbəsindən bildirildi ki, həkim göndəriş yazmalıdır. Bununla bağlı şöbə müdiri Nərminə xanıma yaxınlaşın. O, da çox “təəssüf ki” işdə deyildi. 2-ci mərtəbədən dedilər ki, Afaq xanıma yaxınlaşın. Ona da vəziyyəti izah etdim və bildirdi ki, bizlik deyil.

Sualım başda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olmaqla hər üç dövlət qurumunadır: Nə vaxt bu ölkənin səhiyyə sistemi düzələcək? Bir analiz üçün göndəriş verilməsi bu qədərmi çətindir? Dövlət tibb müəssisəsinin həkimi niyə özəl klinikanın blankında mənə göndəriş verir? Görəsən həmin klinika göndəriş yazan həkimə nə vəd edib? Suallar çoxdur, cavab isə yoxdur”.

Vətəndaşın üzləşdiyi problemlə bağlı hər üç dövlət qurumunun mövqeyini işıqlandırmağa hazırıq.