1xeber.media xəbər verir ki,hadisə oktyabrın 10-dan 11-nə keçən gecə İstanbulun Esenyurt səmtində baş verib. Yerli KİV-lərin yaydığı görüntülərdə Tosunun motosikletdən düşən iki nəfər tərəfindən hücuma məruz qaldığı görünür.
İstanbul polisi 18 və 24 yaşlarında olan iki şübhəlini saxlayıb. Lakin onların ifadələri bir-birini təkzib edir. Hücumun motivi hələlik məlum deyil.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Hakan Tosun hadisədən sonra ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib və bir neçə gün həyat mübarizəsi aparıb. Beyin ölümü elan edildikdən sonra, daha əvvəl orqan bağışlanmasına razılıq verdiyi üçün, ailəsinin icazəsi ilə onun orqanları ehtiyacı olan xəstələrə bağışlanıb.
Mərhum jurnalistin həmkarı və hüquqşünası Hakan Bozyurt mətbuata açıqlamasında bildirib ki, hücumun başvermə şəraiti hələ də tam aydınlaşdırılmayıb:
“Hazırda istintaq davam edir. Tərəflərin verdiyi ifadələr bir-biri ilə ziddiyyət təşkil edir. Hadisənin əsl səbəbi hələlik məlum deyil.”
Tosun ekologiya və insan hüquqları mövzusunda fəallığı ilə tanınırdı. Onun ölümü Türkiyədə və jurnalist camiəsində dərin hüznlə qarşılanıb.