Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin istintaqa cəlb olunmasının 3-cü günü ona dövlət hesabına vəkil təyin olunması bəlli olub.
Məlum olub ki, Mehdiyevin hüquqlarını Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyev müdafiə edir. Rəsmi məlumatlara görə, Abıyev kommersiya, tikinti, vergi, əmlak və əşya hüququ üzrə ixtisaslaşıb. Başqa sözlə, onun fəaliyyət sahəsi əsasən mülki və təsərrüfat mübahisələri ilə bağlıdır.
Ramiz Mehdiyevə isə rəsmi olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət) və 193-cü (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.
Bu maddələrin hər biri ağır və xüsusilə ağır cinayət kateqoriyasına aiddir, cəza isə azadlıqdan məhrumetmə ilə yanaşı, siyasi iradə və dövlət təhlükəsizliyinə yönəlmiş hücum kimi qiymətləndirilir.
Lakin ittihamların miqyası ilə müqayisədə müdafiə tərəfinin seçimi bir o qədər də ciddi görünmür.
Dövlətə xəyanətdə və hakimiyyəti zorla saxlamaqda ittiham olunan bir şəxsə kommersiya hüququ üzrə vəkil təyin olunması nə dərəcədə uyğundur
Və ya dövlətə xəyanətdə ittiham olunan bir şəxs öz milyonları hesabına deyil, dövlətin cibindən ödənilən vəkillə müdafiə olunmalıdırmı?
Dövlət təhlükəsizliyi ilə bağlı cinayətlər üzrə istintaq və məhkəmə işləri xüsusi bilik, təcrübə tələb edir. Belə hallarda müdafiəçi təkcə hüquqi terminlərlə deyil, həm də dövlət sirri, istintaq etikası və beynəlxalq hüquq normaları ilə işləməyi bacarmalıdır.
Zaur Abıyevin hüquqi profili bu baxımdan uyğun gəlmir.
Bununla belə Zaur Abıyev kommersiya, əmlak, vergi və tikinti hüququ üzrə ixtisaslaşıb. Ramiz Mehdiyevin son illərdə üzə çıxan sayı-hesabı mübhəm olan sərvətlərinin böyük hissəsi torpaq sahələri, daşınmaz əmlak, şirkət payları, kommersiya obyektləri məhz bu hüquq sahələrinə daxildir.
Bu baxımdan, vəkilin mülki hüquqi sənədlərlə işləmə təcrübəsi, əmlakın leqallaşdırılması, vergi və mülki dövriyyə mexanizmlərini bilməsi onu CM-nin 193-cü maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) üzrə müdafiədə faydalı edə bilər.
Belə rezonanslı işdə dövlət hesabına təyin olunan vəkilin xidmətindən istifadə etmək də maraqlı gəlişmədir.
Ramiz Mehdiyevə ittiham elan olunduqdan sonra onun çoxsaylı daşınmaz əmlakı, şirkət payları və torpaq sahələri üzə çıxıb. İctimailəşmiş məlumatlara görə, keçmiş PA rəhbərinin sərvəti milyardlarla manata ölçülür.
Belə olan halda, bu qədər maddi imkanlara malik bir şəxsin dövlət hesabına vəkillə təmin olunması hüquqi hissəsi bir tərəfə, mənəvi-əxlaqi ziddiyyət yaradır.
Dövlətə xəyanətdə ittiham olunan bir şəxs ölçüyəgəlməz sərvətinə rəğmən öz hesabına deyil, məvacibi dövlətin cibindən ödənilən vəkillə müdafiə olunma taktikası seçir.
Dövlətdən sosial yardım gözləyən vətəndaşlar, ədalət axtaran kasıb ailələr varkən, dövlət büdcəsindən Ramiz Mehdiyev kimi varidat sahibi olan bir müttəhimin müdafiəsinə vəsait ayrılması gülüncdür.
Ramiz Mehdiyevin işi əslində bir əxlaqi-hüquqi dilemma yaradır. Bir tərəfdə dövlətə xəyanət və hakimiyyətin zorla saxlanması kimi ağır ittihamlar, digər tərəfdə isə bu qədər sərvəti olan bir şəxsin dövlətin hesabına vəkillə müdafiə olunması...
musavat.com