Вернуться назад Распечатать

Mehdiyevin ətrafı və onun himayəsində olan dairələr istintaq orqanlarına məlumdur....

Ramiz Mehdiyevlə bağlı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və korrupsiya ittihamları son günlər ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Məhkəmə tərəfindən onun barəsində 4 aylıq həbs qəti imkan tədbirinin seçilməsi isə ictimai-siyasi mühitdə geniş rezonans doğurub. 

1xeber.media xəbər verir ki,məsələyə münasibət bildirən Milli Məclisin deputatı Nəsib Məhəmməliyev Editor.az-a açıqlamasında bildirib ki, bu qərar cəmiyyət tərəfindən diqqətlə izlənir və təbii olaraq haqlı müzakirələr doğurur.

Deputatın sözlərinə görə, məsələ sıradan bir hadisə deyil:

“Bu da anlaşılandır. Söhbət hansısa adi vətəndaşdan deyil, uzun illər dövlətin ali idarəetmə sistemində rəhbər vəzifə tutmuş şəxsdən gedir. Verilmiş ittihamlar ağır cinayətlərdir və bilavasitə milli təhlükəsizliyə təhdid yaradır. Onların arasında “hakimiyyəti zorla ələ keçirmə” ittihamı xüsusilə ciddi məsələdir. Dünya praktikasında təkbaşına hakimiyyəti ələ keçirmə presedenti mövcud deyil. Əgər məhkəmə bu istiqamətdə qərar çıxarıbsa, deməli, ortada kifayət qədər maddi sübutlar var”.

Millət vəkili qeyd edib ki, Ramiz Mehdiyevin fəaliyyət dövründə onun ətrafında formalaşan, ondan imtiyazlı şəkildə bəhrələnən şəxslərin kimliyi hüquq-mühafizə orqanları üçün sirr deyil:

“Düşünürəm ki, Mehdiyevin ətrafı və onun himayəsində olan dairələr istintaq orqanlarına məlumdur. Mənim və ya hər hansı bir şəxsin kiminsə bu prosesdə əlbir olub-olmaması barədə fikir bildirməsi düzgün olmaz”.

Deputat həmçinin vurğulayıb ki, kimliyindən, statusundan və keçmiş xidmətlərindən asılı olmayaraq, dövlətçiliyə xəyanət edən hər kəs qanun qarşısında cavab verməlidir:

“Cənab Prezident bir daha sübut etdi ki, günü-gündən güclənən Azərbaycan dövlətçiliyində xainlərə yer yoxdur. Dövlətimizə və xalqımıza xəyanət edən istənilən şəxs öz cəzasını almalıdır”.