Вернуться назад Распечатать

Gürcüstanda sabiq yüksək vəzifəlilərin evlərində axtarış - Milyonlarla dollar və dəyərli əşyalar aşkarlandı

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin yaşadıqları ünvanlarda genişmiqyaslı axtarış tədbirləri həyata keçirilib.

1xeber.media xəbər verir ki, bu barədə məlumat Gürcüstan Baş Prokurorluğunun keçirdiyi brifinqdə açıqlanıb.

Rəsmi məlumata əsasən, aparılan axtarışlar nəticəsində ümumilikdə 7 milyon 2 min 200 ABŞ dolları və 136 min lari məbləğində nağd vəsait, eləcə də 198 ədəd qızıl-zinət əşyası və saat, bahalı rəsm əsərləri, bir neçə min vərəq sənəd, 50 mobil telefon və 119 ədəd elektrik avadanlığı maddi sübut kimi götürülüb. Əməliyyat oktyabrın 17-də, səhər saat 10:00-dan etibarən Tbilisi şəhəri ilə yanaşı, Dedoplistskaro, Vani, Çoxatauri və Borjomi rayonlarında da aparılıb. Ümumilikdə 24 ünvan və bir neçə şəxsi mülkiyyətdə axtarış həyata keçirilib.

Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətindən cəlb edilmiş təxminən 230 əməkdaşın iştirakı ilə gerçəkləşdirilən əməliyyatın nəticələri hazırda araşdırılır. İstintaq orqanları götürülmüş pulların və əşyaların mənşəyini müəyyən etmək üçün işlərini davam etdirir, sənədlər və elektron cihazlar üzərində texniki ekspertiza aparılır.

Rəsmi qurumlar istintaqın yekun nəticələrinin yaxın günlərdə ictimaiyyətə açıqlanacağını bildiriblər.