Вернуться назад Распечатать

Medvedyevlə Mehdiyevi nə birləşdirir?

Prezident Administrasiyasının sabiq rəhbəri, iki gün əvvəl Təhlükəsizlik Şurasının üzvlüyündən xaric edilən Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işindən sonra onun vəzifəyə gətirdiyi və ya himayəsindəki kadrlar haqda ən müxtəlif iddialar səslındirilir, adlar çəkilir.

1xeber.media Musavat.com-a istinadla  xəbər verir ki, bu ərəfədə Rusiyanın müxalif mediası “Novaya qazeta” sabiq prezident, Təhlükəsizlik Şurası sədrinin indiki müavini Dmitri Medvedyevin vəzifədə olan kadrları haqda ilginc araşdırma dərc edib.

Bəziləri Qərbi tez-tez nüvə silahı ilə təhdid etdiyinə görə “alqolok”, ABŞ prezidenti Donald Trampın isə “o qədər də yaxşı adam hesab etmədiyi” Medvedyev reallıqda Rusiya hakimiyyətində yenə də söz sahibi olaraq qalır.

Məlumdur ki, leninqradlı Medvedyev də indiki prezident Putin kimi Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. “Novaya qazeta”nın araşdırmasına görə Medvedyevin təkcə qrup yoldaşları deyil, bəzilərinin arvadları və uşaqları belə hökumətdə yeni vəzifələr tutmaqda, biznesdə önəmli fiqurlar olmaqda davam edirlər. Buna son nümunə isə 20 gün əvvəl Rusiyanın baş prokuroru təyin edilmiş Aleksandr Qutsandır.

Aleksandr Qutsan Medvedevin qrup yoldaşı, komsomol təşkilat katibi olub. Hüquq fakültəsinə daxil olanda Qutsan əksər qrup yoldaşlarından beş yaş böyük idi, artıq işləmiş və hərbi xidmətini başa vurmuşdu.

Baş Prokurorluqda Qutsanın müavini də Medvedyevin qrup yoldaşı oolmuş Vinniçenkodur, o uzun müddətdir ki, bu vəzifəni tutur.

Medvedyev daha bir qrup yoldaşı Yelena Leonenkonu şəxsən özü hələ prezident olanda İstintaq Komitəsinin sədr müavini təyin edib, hələ də o işinin başındadır. O həm də Rusiyada general-polkovnik rütbəsinə layiq görülən ilk qadındır.

Medvedevin qrup yoldaşlarında Vitali Şevçuk Leninqrad Vilayət Məhkəməsinə rəhbərlik edib. Anton İvanov heç bir məhkəmə təcrübəsi olmadan Rusiya Ali Arbitraj Məhkəməsinə uzun illər sədrlik etməsini məhz Medvedyevlə birgə təhsil almasına borcludur.

Rusiyanın indiki ədliyyə naziri Konstantin Çuyçenkonun da Medvedyevin “odnajursniki” olduğunu bilməyən yoxdur. Çuyçenko Medvedyev prezident olanda onun köməkçisi, baş nazir olanda isə müavini vəzifələrində çalışıb. Onlar həm də universitetdə dost olublar.

Kareliyaya rəhbərlik edən qubernatoru Pavlençeko da, bölgənin daxili işlər naziri Dmitri Sergeyev də Leninqrad Universitetinin məzunlarıdır. Tatyana Gerasimova da Medvedyevin qrup yoldaşı olaraq vəzifə karyerasında yüksəlib. O da uzun müddətdir Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisinin birinci müavini işləyib. Medvedyev prezident olanda himayə etdiyi qrup yoldaşlarından biri də Valeri Kojokar olub. O da Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə Baş İdarəsinin rəisi vəzifəsinə yüksəlib. Kojokar hazırda Daxili İşlər Nazirliyinin Ümumrusiya Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edir.

Nəşr qeyd edir ki, Medvedyevlə birgə təhsil alanların bəziləri Rusiyanın nəhəng şirkətlərinə də yerləşiblər.