Вернуться назад Распечатать

Vitse-spiker: “Ramiz müəllimin xüsusi xidmətləri danılmazdır”

“2018-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası”ndan Ramiz Mehdiyevin “Biblioqrafiya”sı çap olunub. Biblioqrafiyanın “Azərbaycanın dövlət  elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsində AMEA -nın müxbir üzvü Musa Qasımlının ürək sözləri əsl “şedevrdir”.

1xeber.media xəbər verir ki, bunu sabiq deputat  Etibar Əliyev  yazıb.

O, vitse-spiker Musa Qasımlının həmin biblioqrafiyadakı fikirlərini təqdim edib: 

“Hələ 1970-80-ci illərdə Azərbaycanın lideri Heydər Əliyevin ideyaları, göstərişləri və bilavasitə rəhbərliyi altında xalqımızın elm,təhsil   və mədəniyyətinin inkisafı ilə bağlı qəbul  edilən qərarların hazırlanması və həyata keçirilməsində, cəmiyyətimizdə intişar tapan istiqlal ideyasının qorunmasında Ramiz müəllimin xüsusi xidmətlərinin olduğu danılmazdır.

Dövrün şərtləri cərçivəsində fəaliyyət göstərərək istiqlal ideyamızı boğulmağa qoymayan milli  ruhlu dövlət adamlarımıza bugünkü va gələcək nəsillər borcludur. 1980-ci illərin sonlarında Ermənistandan – tarixi torpaqlarından azərbaycanlıların vəhşicəsinə qovulmasından və Mərkəzin buna etinasız münasibətindən hiddətlənərək etiraz səsini ucaldan ziyalıların qarşısına çıxmağa, onların suallarını cavablandırmağa mənəvi haqqı olan çox azsaylı dövlət  xadimlərindən biri Ramiz Mehdiyev idi.

Azərbaycan ruhuna yad olan rəhbərlər tərəfindən vəzifəsindən çıxarıldıqdan sonra Ramiz müəllimin Milli  Elmlər Akademiyasının kitabxanasında səbirlə işləməsinin, dövrün sovet dövlət  va partiya xadimlərinin xalqın içərisində görünməyə cürət edə bilmədikləri bir vaxtda başını dik tutaraq küçədə piyada gəzdiyinin, insanlarla səmimi söhbətlər etdiyinin şahidi olmuşam.

Bunu yalnız bütün varlığı və fəaliyyəti ilə xalqına qəlbən bağlı olan dövlət  adamı edə bilər. Ramiz müəllim  mənə həmişə sadə, səmimi və mehriban bir insan təsiri bağışlamasıdır. Onu müstəqil Azərbaycan dövlətinin və millətimizin güclü, möhtəşəm olmasına çalışan bir dövlət  adamı kimi qəbul  etmişəm.

Ramiz müəllim  dəyərli əsərləri ilə ölkənin sərhədlərini aşan va mükəmməl elmi məktəbi olan müasir Azərbaycan fəlsəfi fikrinin ən görkəmli nümayəndəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə güclü müstəqil dövlət quruculuğu siyasətinin həyata keçirilməsində asas simalardan olan Ramiz Mehdiyevə uzun ömür, möhkəm cansağlığı, dövləti fəaliyyətində və elmi yaradıcılığında uğurlar arzulayıram. Səhifə 102.

Musa QASIMLI, tarix  elmləri doktoru, AMEA-nın müxbir üzvü”.

Etibar Əliyev  bildirib ki, Musa Qasımlının Ramiz Mehdiyev haqqında yazdığı məqalənin birinci sözündən sonuncu sözünə qədər hamısı yalandır:

“AMEA-nın müxbir üzvünə belə saxta tərif uydurmağı yaraşdırmadım”.

Globalinfo.az