Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
"Bu, qiymət artımına gətirib çıxaracaq".
Bu barədə ekspert Rövşən Həsənov bildirib.
Milli Məclisin plenar iclasında müzakirə edilən "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. Qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması da nəzərdə tutulur.
Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunlu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.
Rövşən Həsənov qanuna dəyişikliyin həm müsbət, həm də mənfi cəhətlərini sadalayıb:
“Müsbət tərəflərindən danışsaq, dövlət qeydiyyat nişanı və sürücülük hüququ olmayan mopedlərə nəzarət etmək çox çətindir. Hətta qeyri-mümkündür. Onların hər birinin inzibati xətasını kamera vasitəsi ilə izləmək, müəyyən etmək mürəkkəb prosesdir.
Amma moped sürücülərin təhlükəli manevrlərinin qarşısının alınması baxımından, bu dəyişiklik yaxşıdır”.
Ekspert vurğulayıb ki, qabaritlə bağlı tətbiq ediləcək qadağa qiymət artımına səbəb ola bilər:
“Hazırda bir çox daşıma mopedlər vasitəsi ilə həyata keçirilir və bunların qabaritləri azalacaqsa, o zaman necə olacaq? Belə olan halda, doğrudan da qiymət artımı yaranacaq”.
Xatırlatma: Qanun layihəsi Milli Məclisdə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.