Вернуться назад Распечатать

Bakıda nazirlik əməkdaşı küçədə yatdı: məxfi sənədlər oğurlandı

Bakıda spirtli içki qəbul etdikdən sonra Fəvvarələr meydanında oturacaqda yatan Maliyyə Nazirliyinin mühasibi Ənvər Talıbovun (ad-soyad şərtidir) başına iş gəlib.

1xeber.media Teleqraf-a istinadən xəbər verir ki, onun yatmasından istifadə edən 1988-ci il təvəllüdlü Kamran Qasımov (ad-soyad şərtidir) mühasibin cibindən 3000 manat dəyərində olan “Ayfon 14 Pro Maks" markalı telefonu, şalvarın sağ arxa cibində yerləşən pul kisəsindən isə 100 manat pulunu gizli olaraq talayıb.

Ötən ilin iyulun 14-də baş verən oğurluq hadisəsinə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, səhər saat 6 radələrində telefonu yerdən götürüb. O, pul qabında yalnız sənədlərin olduğunu, pulun isə olmadığını bildirib. Kamran Qasımov oğurladığı telefonu 300 manata satdığını bildirib.

Zərərçəkmiş şəxs qismində ifadə verən nazirliyin mühasibi isə telefonunda məxfi sənədlərin olduğunu, bunu itirdiyi üçün işdən töhmət aldığını bildirib. O, dəymiş ziyanın ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi olub.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi üzrə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.