Вернуться назад Распечатать

Azərbaycan və Qazaxıstan İKT sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan ilə Qazaxıstan innovasiya, rəqəmsallaşma və İKT sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

1xeber.media xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında yazıb.

Müzakirələr Astana şəhərində R.Nəbiyev ilə Qazaxıstanın nəqliyyat naziri Nurkan Sauranbayev və bu ölkənin prezidentinin müşaviri Asel Janasova ilə görüşlər zamanı aparılıb.

R.Nəbiyev görüş çərçivəsində "Astana Hub" innovasiya mərkəzinin fəaliyyəti ilə tanış olub. "Burada İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat aldıq. Rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi apardıq", - o qeyd edib.

Nazirin sözlərinə görə, Qazaxıstanın Baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə keçirilən görüşdə rəqəmsal hökumət həlləri, süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri gündəmdə idi.