"Fərqli iş saatları qrafikinin tətbiq edilməsi dövlət proqramının istiqamətlərindən biridir. Bunun tətbiqi vacibdir. Biz inkişaf etmiş ölkələrə, xüsusilə Avropa dövlətlərinə diqqət yetirsək, məhz həmin ölkələrdə dövlət qurumları, özəl və xidmət sektorlarında fərqli iş saatları tətbiq olunur. O cümlədən bura təhsil müəssisələri də daxildir".
1xeber.media xəbər verir ki, bunu açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanda oxşar təcrübənin tətbiq edilməsi məqsədəuyğundur və artıq nəzərdə tutulub:
"Yollardakı tıxacın aradan qaldırılması üçün vacib addımdır. Gözlənilir ki, işə başlama və iş vaxtının bitməsi saatları fərqli olacaq. Bu zaman standart 09:00-18:00 arası iş rejimi tətbiq olunmayacaq. Belə ki, fəaliyyət göstərdiyi sektordan asılı olaraq fərqli saatlarda iş rejimi tətbiq ediləcək. Sözsüz ki, Əmək Məcəlləsinə uyğun olaraq 8 saatlıq iş rejimi olacaq. Bu iş vaxtının uzadılması anlamına gəlmir. Sadəcə iş vaxtları dəyişdiriləcək. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu effektli mexanizmdir. Bunun tətbiq edilməsi sıxlığa və tıxaca təsir göstərmək imkanına malikdir. Bununla yanaşı digər tədbirlərin də həyata keçirilməsinə ehtiyac var. Bu, effektivlik baxımından çox vacibdir".