Вернуться назад Распечатать

“Emerald” otelini su basdı – Müştərinin bahalı avtomobili zərər gördü

Bakının Nizami rayonunda yerləşən tanınmış “Emerald” otelini güclü yağışdan sonra su basıb. Nəticədə oteldə qalan müştərilərdən birinə məxsus bahalı avtomobil yararsız vəziyyətə düşüb.

1xeber.media Teleqraf istinadla xəbər verir ki, hadisə 2024-cü il oktyabrın 22-də baş verib. Yağış suları otelin zirzəmisinə dolaraq ərazidə ciddi ziyan yaradıb.

Həmin vaxt zirzəmidə dayanan “Grand Cherokee” markalı, 77-HA-647 dövlət qeydiyyat nişanlı avtomobil su altında qalıb və istifadəyə tamamilə yararsız hala düşüb. Avtomobilin sahibi hadisə ilə bağlı otel rəhbərliyini məhkəməyə verərək 100 min manat təzminat tələb edib.

Öz növbəsində otel rəhbərliyi məsuliyyətin sığorta şirkətinə aid olduğunu bildirərək, sığorta şirkətini məhkəməyə verib. İlkin araşdırma nəticəsində məlum olub ki, otelin zərər görən zirzəmi hissəsi layihədə nəzərdə tutulmadığı halda avtodayanacaq kimi yenidən təmir edilərək istifadəyə verilib.

Qeyd edək ki, “Emerald” oteli iş adamı Fariz Əşrəf oğlu Ağayevə məxsusdur. Obyekt 2022-ci il martın 15-də bağlanmış müqavilə əsasında Rüstəm Əmirova icarəyə verilib.