Вернуться назад Распечатать

Sərdar Cəlaloğlu Ramiz Mehdiyevi müdafiə edib...

Cinayət məsuliyyətinə cəlb edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı ətrafında müzakirələr davam edir.

Bir sıra iddialara görə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vaxtilə Ramiz Mehdiyevi müdafiə edən məqalə yazıb və onu "türk oğlu türk" adlandırıb.

1xeber.media xəbər verir ki.Modern.az iddialarla əlaqədar ADP sədri ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Sərdar Cəlaloğlu bildirib ki, o, Ramiz Mehdiyevi yox, onun Şah İsmayıl Xətai ilə bağlı yazdığı məqaləni müdafiə edib:

"Azərbaycanda bir qrup adam tarixi şəxsiyyətlərimizi başqa millətlərin adına yazıb, onların ruhunu kiçiltmək, bununla da xalqımızı tarixsizləşdirmək istəyirdilər. Tarix isə xalqın mövcudluğu üçün çox vacib amillərdən biridir. Belə bir vaxtda etnik mənşəli elmlər doktorları sübut etmək istəyirdilər ki, Şah İsmayıl Xətai kürddür, talışdır və onun Azərbaycan xalqına heç bir aidiyyəti yoxdur. Bəziləri də deyir ki, Şah İsmayıl Xətai Türk dünyasını parçalayıb, şiəliyi yaradıb. Həmin dövrdə də Şah İsmayıl Xətainin Azərbaycan tarixində rolu ilə bağlı bir məqalə çıxmışdı. Bu zaman həmin alimlər düşmüşdülər Ramiz Mehdiyevin üstünə. Onda mən məqaləni oxudum və oradakı fikirlərin hamısını müdafiə etdim. Ramiz Mehdiyev yazır ki, Şah ismayıl Xətai Türk oğlu Türkdür. Xalq Cəbhəsinin nümayəndələri isə bu fikri müdafiə etdiyim halda onu kontekstdən çıxararaq, "Sərdar Cəlaloğlu Ramiz Mehdiyev Türk oğlu Türkdür deyib" kimi təqdim edirdilər.
Məqalədə Ramiz Mehdiyev yazır ki, "Şah İsmayıl Xətai ilk dəfə Azərbaycan türklərini bir dövlətdə birləşdirdi və mərkəzləşdirmiş dövlət yaratdı, o, Azərbaycan türkləri üçün müstəsna rol oynayıb".
Sovet dövründə Şah İsmayılın şairliyini ön plana çıxarmaq istəyirdilər, Ramiz Mehdiyev isə əksinə deyirdi ki, Şah İsmayıl Xətai özünün siyasi və dövlətçiliklə bağlı fikirlərini bədii vasitələrlə də ifadə edərək, siyasətdən uzaq olan xalq kütlələrinə də çatdırmışdı. Mən də həmin məqaləni olduğu kimi oxumuşam və oradakı arqumentlərin hamısını doğrudan da, milli tariximizin, xalqımızın xeyrinə uyğun gəldiyini düşünmüşəm və həmin fikirləri müdafiə etmişəm.
Məqalənin əvvəlində yazmışam ki, vaxt gələcək buna görə həm iqtidar, həm də müxalifət tərəfindən mənə böyük hücumlar olacaq. Bunu bilərəkdən qabaqcaqdan qeyd etmişəm ki, bu məqaləni yazmağa məcburam. Çünki vətəndaşam. Vətəndaşın da çətinliyi ondan ibarətdir ki, hücumlara baxmayaraq, millətin, dövlətin maraqlarını müdafiə etsin. Məqalənin də adı belədir -“Vətəndaş olmağın çətinliyi”.
Bu gün mənə qarşı olan kampaniyanı 18 il əvvəldən görüb yazmışam. Şah İsmayılın Azərbaycan tarixi üçün əhəmiyyəti o qədər böyükdür ki, bu məqaləyə görə Ramiz Mehdiyevə hücumlar edilirdi. Şah İsmayıl Xətaini Azərbaycan tarixindən çıxarmaq istəyirdilər. Şah İsmayıl Xətai türk oğlu türkdür, Azərbaycan xalqını, millətini birləşdirib, elmi, mədəni inkişafını ən yüksək səviyyəyə çatdırıb".

S.Cəlaloğlu onun ittiham edilməsinin başqa səbəbinin də olduğunu qeyd edib:

"Vaxtilə Ümid Partiyası ilə “Qarabağ bloku”ndayıq. Azərbaycan iqtidarının istefası, ölkəmizdə siyasi islahatlarla bağlı mübarizə aparmağı qərarlaşdırmışdıq. Lakin mən ölkədə olmadığım vaxtda eşitdim ki, blokun qərarını dəyişdirib iqtidarın istefasını Ramiz Mehdiyevin istefası ilə əvəz ediblər. Etiraz etdim ki, biz qərar qəbul etmişik.  Bununla bağlı ən azı bizə məlumat verilməliydi və müzakirədən sonra yekun qərara gəlinməliydi. Mən Bakıda olmadığım halda qərar qəbul edilirsə, bu, necə ümumi qərar ola bilər? Məni bunda ittiham edirlər ki, guya Ramiz Mehdiyevi müdafiə etmişəm. Ramiz Mehdiyevin müdafiə edən məqalə yazmamışam, mən Şah İsmayıl Xətaini hücumlardan müdafiə etmişəm.
Ramiz Mehdiyevin məqaləsi haqda cəmi 2 səhifə yazdığım halda, onun Azərbaycanda siyasətə, xalqımıza, vətəndaşlarımıza nə qədər ziyan vurdğunu, bizi tarixi inkişafdan nə qədər saxladığı barədə 500 səhifədən ibarət kitab yazmışam. Bunların qərəzinə baxın? Bu məqalədən 3 il qabaq həmin kitabı yazmışam. 2010-cu ildə kitabı, 2013-cü ildə isə Ramiz Mehdiyevin Şah İsmayıl Xətai ilə bağlı məqaləsini müdafiə etmişəm ki, qoyulan arqumentlər düzdür və milli maraqlarımıza uyğundur. Məni nədə ittiham edirsiz? Mən də qoşulub o adamlara deyim ki, Şah İsmayıl Xətai kürddür, ermənidir, Azərbaycan tarixində böyük şəxsiyyət yoxdur? Ermənilərin dediklərini təkrar edim? 
Maraqlı məsələ ondan ibarətdir ki, həm iqtidar, həm də müxalifət tərəfdən eyni məqalə ilə bağlı, eyni gündə mənə hücumlar təşkil olunub. Elçin Mirzəbəyli "Yeni Müsavat"da yazıb, Natiq Əbilov da xaricdə özünün internet televiziyasında mənə qarşı gecə-gündüz danışır. Mən bu gün Ramiz Mehdiyevi tərifləyən məqalə yazmamışam? Ramiz Mehdiyevi müdafiə edən məqalə ümumiyyətlə, yazmamışam. Mən yazmışam ki, Şah İsmayıl Xətai ilə bağlı onun fikirləri düzdür. M
Ramiz Mehdiyev Nadir şahla bağlı da iki kitab yazıb. O barədə də qeyd eləmişəm ki, ola bilsin, bu kitabların müəllifi Ramiz Mehdiyev deyil, bir başqasıdır, amma bu kitabın Azərbaycan tarixi üçün əhəmiyyəti var. Onun biri “Nadir şahın məktubları”dır. Azrbaycan tarixində ilk dəfəydi ki, Şah İsmayıl Xətainin məktubları üzə çıxırdı. Bir də Nadir şahın tərcümeyi-halı ilə bağlı bir kitab yazılıb. Hər iki kitabı yüksək qiymətləndirmişəm. Və demişəm ki, Azərbyacan tarixçiləri bu günə qədər Nadir şahla bağlı bir kitab yazmayıblar, gediblər Vatikanın arxivlərindən Nadir şahın məkublarını çıxarıb, tərcümə ediblər".