Вернуться назад Распечатать

Kənd təsərrüfatı tənəzzül yaşayır, fermerlər etiraz edir - Bəs nazirlik nə fikirləşir?

Goranboy rayonunun Qaradağlı kəndində fermerlər etiraz aksiyası keçiriblər. Onların narazılığı göyərtinin satış qiymətinin aşağı olmasından qaynaqlanır. Belə ki, fermerlər məhsullarının cəmi 6 qəpiyə alındığını bildirərək bu qiymətin istehsal xərclərini qarşılamadığını deyiblər. Maraqlıdır, 6 qəpik kimi qiymətlər fermerlərin maya dəyərini qarşılaya bilirmi, yoxsa bu, faktiki zərərli istehsaldır?

1xeber.media xəbər verir ki,konkret.az-a  açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 6 qəpik (0,06 AZN) qiymət fermer üçün praktik olaraq çox aşağı göstəricidir:

“Fermer məhsul istehsal edərkən toxum, gübrə, suvarma, əmək haqqı və enerji kimi müxtəlif xərclər çəkir. Təcrübə göstərir ki, göyərtinin maya dəyəri bu qiymətdən yüksək olur. Yəni 6 qəpiyə satış fermerin zərər etməsi deməkdir.”

Ekspertin sözlərinə görə, bu vəziyyət kənd təsərrüfatı bazarında bir sıra struktur problemləri üzə çıxarır:

  • Fermerlər məhsulu birbaşa bazara çıxara bilmir, satış kanalları məhduddur;
  • Kiçik fermerlər kooperasiya şəklində fəaliyyət göstərmədiyindən qiymətlərə təsir edə bilmirlər;
  • Kooperativlərin və kollektiv satış mexanizmlərinin zəifliyi qiymətlərin aşağı qalmasına səbəb olur;
  • Göyərtinin emal edilmədən, təzə şəkildə satılması qiymətlərin sabitliyini pozur;
  • Dövlət dəstəyi, subsidiyalar və bazar nəzarəti mexanizmləri zəifdir.

Nəsirlinin fikrincə, 6 qəpik kimi qiymətlə satış maya dəyərini ödəmədiyi üçün fermer ya zərərə düşür, ya da istehsalı azaltmağa məcbur qalır:

“Uzun müddət belə qiymətlərlə satış davam edərsə, bu, kənd təsərrüfatında struktur tənəzzülə gətirib çıxara bilər.”