Вернуться назад Распечатать

Kənd təsərrüfatında YOXLAMALAR: Rəqəmlər şişirdilib

Azərbaycan uzun illərdir kənd təsərrüfatında ciddi sistemsizlik və idarəçilik problemləri yaşayır. Kənd təsərrüfatının idarə edilməsi müxtəlif dövrlərdə fərqli nazirlərin dövründə fərqli istiqamətlərdə aparılsa da, nəticə dəyişməyib.

Bu qədər illər və büdcə vəsaitindən sonra hələ də adi yerli pendir brendi yarada bilməmişik. Gürcüstan “Sulguni” ilə, Türkiyə “Ezine” ilə, Fransa “Camembert” ilə tanınırsa, bizdə “Azərbaycan pendiri” deyəndə ortada real məhsul yoxdur. Çünki nazirlərimiz “Sulguni”, “Ezine” , “Camembert” yeyir.

Və bu, təkcə tanıtım kimi qiymətləndirilməməlidir. Kəndlinin gəliri, ixrac potensialı, ölkənin keyfiyyətli ərzaq müstəqilliyi bununla birbaşa bağlıdır. Son illərdə kənd təsərrüfatı təyinatlı torpaqların böyük hissəsinin yüksək vəzifəli şəxslər tərəfindən ələ keçirildiyi barədə iddialar səslənir. 

Əkinlər isə ya formal şəkildə göstərilir, ya da ümumiyyətlə becərilmir. Nəticədə dövlət subsidiyaları “kağız üzərində” fəaliyyət göstərən təsərrüfatlara yönəlir. Bütün bunlar ekspertlərin rəyləridir. Təbii ki, biz bu rəylərin yalan olmasını çox istərdik.

Bəs, gerçəklik nə deyir? Modern.az-ın əldə etdiyi məlumata görə, bir müddətdir ki, aqrar sektorda rəsmi statistikaya şübhələr yaranıb.

Məlumata görə, göstəriş verilib ki, yerli icra hakimiyyətləri səviyyəsində bu rəqəmlər yenidən dəqiqləşdirilsin. Bəzi rayonlarda məhsuldarlıq rəqəmləri 20-30 faiz şişirdilib, bəzi yerlərdə isə idxal məhsulları yerli istehsal kimi təqdim olunub.

Məsələn, ötən il Qazaxıstandan gətirilən qoyunların bir hissəsi Azərbaycanda kəsilərək “yerli istehsal” kimi sənədləşdirilib iddiaları ekspertlər tərəfindən tez-tez səsləndirilir. 

Belə faktlar aqrar siyasətin effektivliyini sual altına salır. Əslində hər birimiz bilirik ki, dünya yeni bir təhdidlə, ərzaq və su böhranı ilə üz-üzədir. BMT-nin hesabatında qeyd olunur ki, 2030-cu ilə qədər qlobal ərzaq çatışmazlığı enerji böhranını kölgədə qoya bilər.

Azərbaycanda isə vəziyyət daha həssasdır. Əgər bu gün buğdanın, taxılın, kartofun və süd məhsullarının böyük hissəsi idxal hesabına təmin olunursa, sabah pulla da tapılmaya bilər.

Mütəxəssislər xəbərdarlıq edir ki, ərzaq idxalına 60 faizlik asılılıq milli təhlükəsizlik riski yaradır. Bölgələrdən gələn məlumatlar rəsmi statistikanı təkzib edir. Amma biz yoxlamaların nəticələrini gözləyək. 

Hazırda bölgələrdə yerli icra orqanlarının iştirakı ilə faktiki vəziyyət araşdırılır. Məqsəd “gözəgəlimli” rəqəmlərin doğruluğunu müəyyənləşdirməkdir. Əgər bu proses şəffaf aparılarsa, illərlə gizlədilən torpaq zəbtləri, statistikalar və “gerçək təsərrüfatlar” üzə çıxacaq.

Buğda, çörək, su, bunlar Azərbaycan kəndlisinin müqəddəs dəyərləridir. Əgər bu müqəddəsliyin statistikasını saxtalaşdırırıqsa, bu artıq mənəvi xəyanətdir. Bizə lazım olan budur, azərbaycanlı süfrəsində öz torpaqlarımızın məhsulu olsun.  Bütün yoxlamaların məqsədi də elə bu olmalıdır.