Вернуться назад Распечатать

Milyonluq restoran da Həbibbəylilərin çıxdı

Ramiz Mehdiyevin həbsi fonunda müzakirə obyekti  olan şəxslərdən biri də AMEA-nın prezidenti İsa Həbibbəylidir.Yerli media yazır ki, Ramiz Mehdiyevin qruplaşmasında  İsa Həbibbəyli də yer alır.Mətbuat İsa Həbibbəylinin dəfələrlə deputat seçilməsinə və  AMEA-ya rəhbər posta gəlməsini Ramiz Mehdiyevlə bağlayır.

1xeber.media  xəbər  verir   ki, bundan əlavə  AMEA  prezidenti  övladları ilə bağlı yayılan mənfi informasiyarla da  medianın gündəminə düşüb. 

Onun qızı  Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq pul  və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyinə dair  məlumat yayılıb.

AMEA rəhbəri Manset.az-a açıqlamasında yayılan məlumatların şişirdildiyini deyib.

“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul oğurlanıb. Əslində isə bu, doğru deyil. Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb.

Həmin zinət əşyaları onun anasından və qayınanasından miras qalan əşyalardır. Yazılanlar həddindən artıq şişirdilib. Qızımın seyfindən 1 milyon avronun oğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm, bu kimi məsələlərdə adım hallandırılmasın”, -   deyə  İ.Həbibbəyli bildirib.

Həmçinin  İsa Gəbibbəylinin oğlu general-leytenant Səhət Həbibbəyli də müxtəlif  vaxtlarda mediada müzakirə mövzusu olub.

2022-ci ildə  Dövlət Təhlükəsizliyi Xidmətinin  (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində keçirdiyi  əməliyyat nəticəsində onun saxlanıldığı qeyd olunurdu.

İsa Həbibbəyli həmin  vaxtda  mətbuata  açıqlamasında  oğlunun rəhbəri olduğu Naxçıvan Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatdan danışmışdı:

O, "Unikal"a açıqlamasında bu sözləri deyib:

"Hazırda Naxçıvan Gömrük Komitəsində yoxlama aparılır. Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur", - deyə o bildirib.

AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Naxçıvan Gömrük Komitəsinin sabiq sədri Səhət Həbibbəylinin rəhbərliyi dövründə 100 milyonlarla dollar vəsaitin mənimsənildiyi üzə çıxıb…Həmin  məsələ  bu günə qədər  bir çoxları üçün qaranlıq olaraq qalır.İddia olunan həmin milyonların taleyi necə olub?

Özünün və ailə üzvlərinin adı daha çox maliyyə  fırıldaqlarında  hallanan İsa Həbibbəylinin  əmlakları da müzakirə mövzusu olub.

Oxu24.com saytına danışan mənbə bildirib ki, Bakının Yasamal rayonu ərazisində Abdulvahab Salamzadə küçəsində yerləşən məşhur şadlıq saraylarından  olan “Karvan” da  bu  ailəyə məxsusdur.Şadlıq sarayının  yerləşdiyi əraziyə  və   sahəsinə  nəzər yetirdikdə  onun dəyərinin   milyonlarla  ölçüldüyünü   demək olar.

Ortada belə bir sual açıq olaraq qalır…Boz kardinalın siyasi və  informativ  təsir dairəsinə daxil olanların  sırasında  ən fağır adam  təsiri bağışlayan İsa Həbibbəyli  bu qədər əmlakı necə əldə edib? 

Bu və digər suallarla bağlı  AMEA-nın prezidenti İsa Həbibbəyli ilə əlaqə saxlamağa çalışsaq da,zənglərimizə cavab vermədi.

Araşdırmalarımız zamanı məlum oldu ki, sözügedən obyektin   idarəçiliyini  İsa Həbibbəylinin qardaşı  Yaqub  Həbibov  icra edir.  Saytın əməkdaşı suallara cavab almaq məqsədi ilə onunla əlaqə saxlayıb.

Yaqub Həbibov suallara olduqca  aqressiv şəkildə cavab verib.

“Gedin cəhənnəm olun.Sizə nə lazımdır,restoran kimindir?Siz prokurorsunuz,yoxsa müstəntiq...Restoran mənimdir,İsa müəllimə aidiyyatı yoxdur.Bir də mənə zəng etməyin...”,- deyərək   telefonu  bağlayıb.Biz də hörmətli akademik İsa Həbibbəylinin qardaşı  Yaqub Həbibovun  tövsiyəsinə  qulaq asıb,fikirlərinə hörmətlə yanaşaraq  öz işimizlə məşğul olduq.

1xeber.media  səsləndirilən fikirlərlə bağlı  yazıda adları hallanan şəxslərin mövqeyini işıqlandırmağa hazırdır.

Zəruri qeyd: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163.1 -ci maddəsinin tələblərinə görə,jurnalistlərin peşə fəaliyyətinə mane olma cinayət məsuliyyəti yaradır.