Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunan keçmiş AMEA prezidenti Ramiz Mehdiyev ətrafında gedən ictimai diskusiyalar son aylar cəmiyyətin diqqət mərkəzindədir. Bu müzakirələr təkcə bir şəxsin hüquqi məsuliyyətindən ibarət deyil — burada söhbət illərlə formalaşmış, dövlətin müxtəlif strukturlarına sirayət etmiş, özünəməxsus idarəetmə və təsir mexanizmi olan bir şəbəkədən gedir.
1xeber.media azpolitika.az-a istinadla xəbər verir ki, təhlillərə görə, Rusiyaya bağlı olan bu şəbəkə kifayət qədər təşkilatlanmış və koordinasiyalı fəaliyyət göstərən yarı krıminal güc mərkəzi kimi formalaşa bilib. Onlar dövlət orqanlarının müxtəlif səviyyələrində – parlamentdən tutmuş icra strukturlarına, media və QHT sektoruna qədər – özlərinə mövqe qazanıblar.
Bu şəbəkənin əsas təhlükəsi ondadır ki, ictimaiyyət onları hər birini tanımaqda çətinlik çəkir. Türkiyədə ifşa olunan FETO terror təşkilatının istifadə etdiyi metodlardan yararlanırlar. FETO-çular kimi “Mehdiyev şəbəkəsinin” nümayəndələri də illərlə dövlətçilik ritorikasının arxasında gizlənməyi, maskalanmağı mükəmməl öyrəniblər. Elə buna görə də indi Ramiz Mehdiyevin ən sərt “tənqidçiləri” sırasında onun vaxtilə yaxın çevrəsində olmuş bəzi şəxsləri də görmək mümkündür. Onlar indi “müxalif” obrazında çıxış etsələr də, yaxın tarixi unutmayanlar bu buqələmunların əslində kim olduqlarını, kimə və hara xidmət etdiklərini yaxşı bilirlər.
Əslində, Ramiz Mehdiyevin belə bir şəbəkə qura bilməsi təəccüblü deyil. O, Azərbaycanda dövlət idarəçiliyində son illərə qədər müəyyən təsir imkanlarına malik olduğundan, vəzifəni, pulu, mandatı hər şeydən üstün tutanları öz ətrafında toplaya bilib. Düzdür, onların sayı bəzilərinin şişirtdiyi kimi çox deyil. Ancaq ölkədə dərin kök atmış bürokratik sistemin hər mərtəbəsində, hər bucağında “mehdiyevçilərin” idbar sifətini görmək mümkündür.
Nisbətən zəif mövqedə olanlar ya qorxudan, ya da belə situasiyalara uyğun əvvəlcədən verilmiş təlimata əsasən Ramiz Mehdiyevi ittiham edir, dövlətə sədaqətdən dəm vururlar. Hətta içərilərində vaxtilə Ramiz Mehdiyevə deyil, Prezident Administrasiyasına məddahlıq etdiklərini iddia edən “çoxüzlülər” də var. Adama deyərlər, sənin liderin Ramiz Mehdiyev olub? Hansısa bir bürokratın mətbuatda tənqid olunması, həm də haqlı tənqid edilməsi səni niyə narahat edirdi? Yəqin ki, istintaq genişlənsə, bu suallar onlara veriləcək...
Ramiz Mehdiyev “şəbəkəsinin” “ağır topları” isə hələlik açıq mövqe ortaya qoymaqdan yayınırlar. Onlardan bəziləri ictimai təmaslardan qaçır, digər bir hissəsi isə “ortada rəsmi ittiham yoxdur, olsun, mövqe bildirərik” – deyə susqunluq nümayiş etdirirlər.
Bunu əslində vaxt udmaq strategiyası da hesab etmək olar. Bu strategiyanın məqsədi sadədir: ictimai diqqət azaldıqdan sonra yenidən siyasi səhnəyə adaptasiya olmaq. Onların bir qismini Milli Məclisdə, digərlərini müxtəlif nazirliklərdə, komitələrdə, hətta müxalifət partiyalarında, media və QHT sektorunda görmək mümkündür.
Maraqlıdır ki, Mehdiyev sisteminin xaricdəki ideoloji qolu da fəallaşıb. Onun və ətrafının himayəsi ilə xarici ölkələrdə məskunlaşan və cəmiyyətdə “söyüş müxalifəti” adı ilə tanınan bəzi internet “qəhrəmanları” koordinasiyalı şəkildə Ramiz Mehdiyevi az qala günahsız mələyə çevirir, onun həbsinin qanunsuz olduğunu iddia edirlər. Hətta bəzi internet televiziyalarının rəhbərləri, “politoloqlar” Ramiz Mehdiyevin həbsinin ölkədə böyük xaos yaradacağı, hakimiyyəti zəiflədəcəyi və s. kimi ağılsız iddialarla çıxış edirlər. Ancaq fikirlərində heç bir məntiq olmadığından, sadəcə, hakimiyyəti şantaj etməyə, xidmət etdikləri “Mehdiyev şəbəkəsinin” ifşasından çəkindirməyə çalışdıqları aydın hiss olunur. Ramiz Mehdiyevin həbsi bu adamların əslində kim olduqlarını, haradan maliyyələşdiklərini də ifşa etdi...
Qeyd edək ki, hakimiyyət üçün də, dövlət üçün də əsl təhlükəni xarici dövlətə bağlı belə bir şəbəkənin mövcud olması, onların tam zərərsizləşdirilməməsi törədə bilər. Bu baxımdan geniş araşdırma aparılmalı, dövlət orqanları “Mehdiyev şəbəkəsinin” üzvlərindən təmizlənməlidir.
Bu istiqamətdə parlamentdə də ciddi “təmizləmənin” aparılmasına ehtiyac var. Məlumdur ki, Ramiz Mehdiyev siyasi gücünün zirvəsində olduğu illərdə Milli Məclisə xüsusi diqqət göstərib. Seçki dairələri üzrə namizədlərin bir çoxunu öncədən şəxsən müəyyənləşdirib, parlamentin tərkibinə kifayət qədər öz adamını yerləşdirə bilib. “Mehdiyev şəbəkəsinin” üzvü olan deputatlar isə uzun illər boyu ölkədə qanunvericilik istiqamətində zəruri islahatların həyata keçirilməsinin qarşısını alıb, passiv müqavimətlə mütərəqqi qanunların qəbuluna imkan verməyiblər. Əksinə, qanunları mürtəceləşdirməsində, xalqı narazı salan dəyişikliklərin həyata keçirilməsində fəal iştirak ediblər.
Təəssüf ki, son parlament seçkisində də Milli Məclisi bu şəbəkənin üzvlərindən təmizləmək mümkün olmadı. Baxmayaraq ki, parlamentin buraxılmasının əsas səbəblərindən biri də bu idi... Məhz bu səbəbdən 2024-cü ilin iyununda Milli Məclisin buraxılması ideyası gündəmə gəldi və reallaşdırıldı. YAP-ın təşəbbüsü ilə hakim partiyanı parlamentdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər. Prezident müraciəti qəbul etdi, Konstitusiya Məhkəməsi bunu təsdiqlədi və 1 sentyabrda növbədənkənar seçkilər keçirildi.
Lakin bu seçkilər də gözləntiləri tam doğrultmadı, parlamenti “Mehdiyev şəbəkəsinin” üzvlərindən təmizləmək mümkün olmadı. Hətta bəzi siyasi şərhçilər parlamenti “Ramiz Mehdiyev parlamenti” də adlandırırlar. Bunun əsas səbəbi kimi onların dəyişikliklərə müqavimət göstərməsi qeyd olunur. Hər halda, müxtəlif səbəblərdən bu şəbəkəyə aid olduğu şübhə doğurmayan bir çox şəxs yenidən mandat aldı.
Belə şəxslərin Milli Məclisdə olması isə həm parlamentin nüfuzunu zədələyir, həm də Ramiz Mehdiyev kimi xaricdən idarə olunan adamların dövlət çevrilişi cəhdi kimi ağılsız fikrə düşməsində əlavə stimula çevrilir. İstisna deyil ki, Ramiz Mehdiyevin Moskvaya təqdim etdiyi siyahıda da deputat mandatı daşıyanlar var. Ancaq hamısının adı o siyahıya salınmayıb. Həm də bu şəbəkənin adamları FETO-çular kimi maskalandığından, asanlıqla “dəri dəyişmə” keyfiyyətinə malik olduqlarından, “Mehdiyev şəbəkəsinin” üzvü olduqlarını isbat etmək də asan deyil.
Odur ki, ən doğru çıxış yolu mövcud parlamentin də buraxılması, Milli Məclisin yenidən demokratik və şəffaf seçkilərlə təşkil edilməsidir. Bu dəfə Ramiz Mehdiyev həbsdə, şəbəkəsi qorxu içində olduğundan, hər hansı müqavimət də göstərə bilməzlər. Nəticədə, Rusiyaya bağlı “Mehdiyev şəbəkəsindən” tam təmizlənmiş parlament formalaşdırmaq olar ki, bu da dövlətin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nəzərə alaq ki, dövlətin dayaqları ancaq şəffaflıq və ictimai etimad üzərində möhkəmlənə bilər. Mehdiyev dövrünün qalıqları isə bu prosesin qarşısında duran ən ciddi maneədir. Bu maneəni söküb atmaq lazımdır!