“Azəriqaz” abonentlərin razılığı və məlumatı olmadan yeni sayğacları çıxararaq köhnə sayğaclarla əvəz edir.
Bu problemlə üzləşən Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova-Rüstəmova məsələni sosial şəbəkə səhifəsində ictimailəşdirib. Şikayətçi bildirib ki, onlara heç bir məlumat verilmədən sayğacları dəyişdiriblər. Halbuki abonentlər dəyişdirilən smart tipli sayğaclardan narazı olmayıb:
“Şəkildəki mexaniki qaz sayğacımızdır. Yəni bunu ötən həftə “Azəriqaz”ın əməkdaşları bizdən icazəsiz quraşdırıblar.
Əvvəlki sayğac smart idi, kartla işləyirdi, çox super idi. Gül kimi işləyirdi. Niyə mexaniki sayğacı gətirib quraşdırıblar, bilmirik. Dünya irəli gedir, bunlar da geri. Məhəllədə hamı narazıdır. Smart-kart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi nə kimi zərurətdən doğur? Niyə əllərini farağat saxlamırlar?
Qurumun qaynar xəttinə zəng etdim, yolaverdi cavablarla söhbəti yekunlaşdırdılar. Necə etmək olar ki, əvvəlki smar sayğacımızı geri gətizdirək? Niyə qəmbərqulu çıxarırlar, keyfiyyətli idi ona görə. Abonentin imzası və şahidliyi olmadan niyə sayğacı dəyişdirirlər?”.
Məsələ ilə bağlı mütəxəssis, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, köhnə sayğaclarla əvəzlənən smart tipli sayğaclar daha yaxşı idi:
“Smart tipli sayğaclar əlbəttə ki, daha yaxşıdır. Abonentlərin narazılığında haqq var. Abonent bu halda məhkəməyə müraciət etməlidir. Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir. Bu barədə abonentin məlumatının olması mütləqdir. Məlumat verilməli və akt tərtib olunmalıdır.
Bu barədə bir dəfə də ətraflı yazmışdım. Ölkəyə əsasən Alman markası olan Zenner Atmos şirkətinin, lakin Çinin Şanxay şəhərində yerləşən (Şanxay) “Zenner Metering Technology (Shanghai) Ltd müəsisəsi tərəfindən istehsal ounan Zenner G-2.5T, Zenner G-4T, Zenner G-6 T, Zenner G-4 və G-6 Smart tipli qaz sayğacları 2018 -ci ildən gətirilib. Bu şirkətdən 4 mln-dan artıq qaz sayğacı alınıb. Lakin zavod qusurlu olduqları üçün şəbəkədən dərhal və ya müəyyən müddət keçdikdən sonra əvəzlənib. Qısacası bu sayğaclar 5–il istismarda olmağa qadir deyildirlər. Halbuki bu sayğacların gətirilməsinə milyonlarla vəsit sərf olunub. Milyonları bu şirkətə yatıran şəxslər çıxıb cavab verməlidir”.