Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə ev həbsinə qapadılmasından sonra illərdir gizli qalan bir sıra maraqlı məqamlar üzə çıxır.
“Baku Oksford Məktəbi”nin əsl təsisçisi Nailə Rzayevanın Teleqraf-a müsahibəsində bir ad xüsusi diqqət çəkmişdi - Çanturiya Nazı Qeorgiyevna.
Nailə Rzayeva müsahibəsində bildirmişdi ki, sözügedən məktəb məhz PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə “Baku Steel Company”nin hazırda həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun təzyiqi nəticəsində Rzayevlər ailəsindən alınıb, heç bir ödəniş edilmədən öz adlarına keçirilib. Bu zaman Nazı Çanturiya 50 faizdən çox paya sahib olub.
Bəs, adıçəkilən, barəsində indiyədək mətbuatda heç bir məlumat olmayan - Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın bacısı Nazı Çanturiya kimdir?
Teleqraf Nazı Çanturiyanın kimliyi haqqında araşdırma aparıb və bəzi maraqlı məqamları üzə çıxarıb.
Fotoda Nazı Çanturiya
Əldə etdiyimiz məlumata görə, N.Çanturiya 28 avqust 1949-cu ildə Gürcüstanın Sxakaya rayonun Medje kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə Sxumiyə köçüb. Orada Ş.Rustavelli adına 1 nömrəli ümumi təhsil məkbətinə qəbul olub. 1968-ci ildə V.Saraşvili adına Tbilisi Dövlət Konservatoriyasının fortopiano sinfinə qəbul olub və qiyabi təhsil alıb.
Həmin ildə o, Sxumidə musiqi kollecində konsertmeyster işinə başlayıb, daha sonra müəllim kimi çalışıb.1973-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasında konsertmeyster kvalifikasiysası üzrə kursu bitirib.
1976-cı ildə o, Qurskoy Yuriy Yuryeviçlə ailə həyatı qurub. Bu izdivacdan bir il sonra onların oğlu Levon dünyaya gəlib. Levon Qurskoy uzun müddət Azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Onun sonuncu vəzifəsi Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəis müavini olub. 2022-ci il fevral ayında isə Levon Qurskoy vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Nazı Çanturiya 1992-ci ildə Abxaziyada müharibə başlayandan sonra Bakıya qohumlarının yanına gəlib. 1993-cü ildə Qara Qarayev adına musiqi məktəbində işləyib.
Onun son iş yeri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası olub. 1996-cı ildə işə başlayan Nazı Çanturiya 3 il sonra baş müəllim, 2008-ci ildə isə dosent olub. 2011-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülən Ramiz Mehdiyevin baldızı, 2013-cü ilin sentyabrın 11-də işdən çıxıb.
O, bu müddət ərzində Konsertmeyster ustalığı kafedrasında çalışıb. Nazı Çanturiya 2 il əvvələ qədər Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qurtqaşınlı küçəsində yerləşən evdə rəsmi qeydiyyatda olub.
Qeyd edək ki, rəsmi sənədlərdə Nazı Çanturiyanın milliyyətinin gürcü olduğu qeyd edilib.