Azərbaycanın bir sıra bölgələrində heyvanlar arasında dabaq xəstəliyi yayılıb. Buna görə də heyvan bazarları bağlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ət kəsim məntəqələrində və bazarlarda nəzarət tədbirləri, reydlər keçirir. Məqsəd vətəndaşlara təqdim olunan ət məhsullarının mənşəyi, keyfiyyəti və təhlükəsizliyini təmin etməkdir. Lakin iri market şəbəkələrində satılan ət məhsullarının yoxlanması mexanizmi barədə ictimaiyyətə açıq məlumat azdır.
Bəs heyvan bazarları və ət kəsim məntəqələrində aparılan reydlər iri market şəbəkələrində də eyni qaydada həyata keçirilirmi? Marketlərdə satılan ət məhsullarının mənşəyi və keyfiyyəti necə yoxlanılır?
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 2018-ci il 11 iyun tarixli sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.
Qurumdan qeyd edilib ki, tədbirlər çərçivəsində bu ilin əvvəlindən bugünədək ölkə üzrə 4652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib:
“Monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.
Bundan başqa, 1244 halda ətlərin soyuducuda (453-də soyuducu yoxdur) saxlanılmadığı, 1277 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib”.