Moskvada yerləşən Şeremetyevo hava limanında gömrükçülər 110 min dollardan çox məbləğdə nağd pulu bəyan etmədən keçirməyə cəhd edən Rusiya vətəndaşını saxlayıblar.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Bəyan edilməmiş pul vəsaiti İstanbuldan gəlib Kazana uçmağı planlaşdıran kişi sərnişinin baqajı yoxlanılarkən aşkar edilib.
Tranzit baqajın yoxlanması zamanı müfəttiş skanerin monitorunda pul bağlamalarını görüb. Çamadanın sahibinin şəxsiyyəti müəyyən edildikdən sonra o, reysdən çıxarılıb. Gömrük nəzarəti zonasında sərnişin baqajın içindəkiləri göstərməkdən imtina edib və qaçmağa çalışıb, lakin saxlanılıb.
Pulun ümumi məbləği 110 634 ABŞ dolları ekvivalentində olub. Müsadirə edilən valyutalar arasında Türkiyə lirəsi, Azərbaycan manatı, Braziliya realı, Danimarka kronu, Hindistan rupisi, Rumıniya leyi və Serbiya dinarı var.
Saxlanılan şəxslə bağlı Rusiya Cinayət Məcəlləsinin 200.1-ci maddəsinin 2-ci hissəsi (xüsusilə böyük məbləğdə nağd pulun qaçaqmalçılığı) üzrə cinayət işinin açılacağı gözlənilir. Bu maddə 4 ilədək azadlıqdan məhrumetmə və ya qanunsuz olaraq daşınan valyutanın məbləğinin 10-15 misli həcmində cərimə nəzərdə tutur.
Federal Gömrük Xidmətinin məlumatına görə, saxlanılan şəxs əvvəllər gömrük qaydalarının pozulmasına görə inzibati və cinayət məsuliyyətinə cəlb edilib.