Вернуться назад Распечатать

AQTİ bir ildə obyektlərini üçüncü dəfə təmir etdirir: “Otkat”la məşğul olan şirkət…

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) daha bir tenderi yekunlaşdırıb. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu bu dəfə balansında olan obyektlərin əsaslı təmir işlərini həyata keçirəcək.

Rəsmi qaynaqlarda qeyd edilir ki, bununla əlaqədar “EL-SEYM İNŞAAT” QSC ilə razılaşma əldə olunub. Təmir işlərinə görə, AQTİ şirkətə 824 min 361 manat pul ödəyəcək.

1xeber.media xəbər verir ki,Tribunainfo.az açıq mənbələr üzərindən apardığı araşddırma zamanı müəyyən edib ki, bu, son bir ildə AQTİ üçüncü dəfədir ki, obyektlərini təmir etdirir.

Belə ki, qurum ötən ilin noyabrında inzibati və laborator binalarında cari təmir işləri həyata keçirib. “UĞUR TİKİNTİ” MMC ilə bu məsələdə 235 min 512 manat dəyərində müqavilə imzalanıb.

Digər təmir işləri isə inzibati binaları əhatə edib və ötən ilin oktyabrında reallaşıb. Bu tenderin də qalibi “UĞUR TİKİNTİ” MMC olub və görülən işlərin müqabilində 274 min 85 manat pul alıb.

Görünən odur ki, AQTİ bir ildə obyektləri və inzibati binasını təmir etdirmək üçün 1 milyon 133 min manat sərf edib.

Araşdırma zamanı o da bəlli olub ki, AQTİ ilə “EL-SEYM İNŞAAT” QSC heç də bir birinə yad deyil. Hələ bir neçə il əvvəl tərəflər  “Qazax rayonu Qırmızı Körpü qida təhlükəsizliyinə nəzarət keçid məntəqəsinin tikintisi işləri”nin satın alınmasında razılaşıblar. 4.2 milyon manatlıq layihənin icrası necə başa çatıb bəlli deyil.

Lakin maraqlı məqam odur ki, sözügedən şirkətin adı qalmaqala da qarışıb. Daha doğurusu, tender oyunlarında iştirakçı olduğu elə məhkəmə zamanı üzə çıxıb. Belə ki, “Azərxalça” ASC üçün rayonlarda xalçaçılıq mərkəzləri tikən “EL-SEYM İNŞAAT”ın rəhbəri Yaşar Ələkbərov Vidadi Muradovun məhkəməsində etiraf edib ki, onlar 4.2 milyonluq tenderi udub. Həmin pulun bir qismini isə “AZƏRXALÇA”nın mərhum rəhbərinə verib.
O həmçinin bildirib ki, Vidadi Muradovun Həsən Əliyev küçəsində yerləşən evində təmir işləri aparıblar və buna görə də 800 min manatdan artıq vəsait xərcləyiblər.

Maraqlıdır ki, belə bir qalmaqala qarışmış şirkətə Qarabağda hazırda 5 böyük tender verilib. Həmin tenderlərin toplam dəyəri isə 60 milyon manata yaxındır. Üstəlik, məhkəmədə “otkat” həyata keçirdiklərini etiraf edən şirkətin tenderlərə buraxılması nə dərədə etibarlıdır?

Həmçinin AQTİ-ni hansı maraq bu şirkətlə anlaşmaya sövq edib? Adətən ciddi dövlət qurumları adı qalmaqala qarışmış, üstəlik, məhkəmədə belə təsdiqlənmiş xoşagəlməz işlərlə məşğul olan şirkətlərlə əməkdaşlıq etmirlər.

Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri Əli Tahir oğlu Nəbiyevdir.