İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində ifadələri alınan bir neçə tanınmış jurnalistə ölkədən çıxış qadağası tətbiq olunub.
1xeber.media xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, “İmamoğlu işi” ilə bağlı aparılan istintaq çərçivəsində Soner Yalçın, Yavuz Oğhan, Şaban Sevinç, Batuhan Çolak və Ruşen Çakır ifadə verdikdən sonra məhkəmə qərarı ilə sərbəst buraxılsa da, onların ölkədən çıxışına qadağa qoyulub.
Baş Prokurorluğun açıqlamasında qeyd olunur ki, şübhəlilər “yalan məlumatı ictimai şəkildə yaymaq” və “cinayət təşkilatına yardım etmək” maddələri üzrə istintaqa cəlb olunublar. Onların Ekrem İmamoğluna və iddia edilən “təşkilat”a dəstək xarakterli paylaşımlar etdikləri, eləcə də maliyyə əlaqələrinin araşdırıldığı bildirilir.
Qeyd edək ki, istintaq çərçivəsində adı hallanan jurnalist Aslı Aydıntaşbaş hazırda xaricdə olduğu üçün onun ifadəsi hələlik alınmayıb.