Son aylarda məhkəmə qərarlarının icrası ilə bağlı bir neçə qanun qəbul etdik. Hazırda 1 milyon 200 mindən artıq məhkəmə qərarı icra gözləyir. Bu qərarların 420 mini bank kreditləri ilə bağlıdır. Onların 80%-i təminatsız, gəliri olmayan şəxslərə verilmiş kreditlərdir. Bu, maliyyə baxımından toksik kreditlərdir. Devalvasiya dövründə bu rəqəm 1,2 milyard manatı keçmişdi. İndi 500 milyon manatdan yuxarıdır.
1xeber.media xəbər verir ki, bunu İnsan hüquqları komitəsinin sədr Zahid Oruc parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.
Komitə sədri bildirib ki, bu sistem həm məhkəməyə, həm də iqtisadiyyata təzyiq yaradır.
“Bu cür təminatsız kreditlərin verilməsi dayandırılsın. Bu əhaliyə yaxşılıq deyil pislikdir. İnsanlar bu kreditləri qaytara bilmirlər”.
Z. Oruc həmçinin kənd təsərrüfatı ilə bağlı məsələlrə diqqət çəkib.
“Əgər məqsəd qeyri-formal məşğulluğu rəsmiləşdirməkdirsə, hazırkı vergi yükləri bu prosesə əngəl yaradır. Məsələn, kənddə iki fəhlə arasında 50 manatlıq razılaşmanı rəsmiləşdirsək, ona 25% sosial sığorta, 14% gəlir vergisi, 2% tibbi sığorta tətbiq olunur. Nəticədə 41%-lik vergi yükü yaranır.
Bu, milyonlarla insanı əhatə edən sahədir. Əgər məqsəd gəlir deyil, rəsmi məşğulluğu təmin etməkdirsə, sosial sığortanı 2%-ə endirmək, gəlir vergisini isə müvəqqəti olaraq sıfırlamaq mümkündür”.