Mediada və sosial şəbəkələrdə “Referans” klinikasıda tibbi analiz nəticələrinin digər klinikaların nəticələri ilə üst-üstə düşməməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, əksər özəl xəstəxanalarda çalışan həkimlər öz pasiyentlərini məhz "Referans"a yönəldirlər.
1xeber.media xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə ki, ötən il fəaliyyətə başlayan Referans Naxçıvan Tibb Mərkəzinin baş həkimi laborantdır. Söhbət 32 yaşlı Variz İsmayılovdan gedir.
“Referans”ın rəsmi saytında bu klinikada çalışan digər həkimlərin təhsil aldığı universitetlər göstərilsə də, Variz İsmayılovla bağlı məlumatlarda onun tibbi təhsilinə aid hər hansı məlumata rast gəlmək mümkün deyil. Belə olan halda laborantın ixtisaslı həkimlərə necə rəhbərlik etdiyi sual olaraq qalır.
Maraq üçün bildirək ki, laborant laboratoriyalarda elmi-texniki tədqiqat və analiz işləri aparan mütəxəssisdir. O, təcrübələr üçün lazımi preparat və avadanlıqları hazırlayır, nümunələri analiz edir, nəticələri qeyd edir və laboratoriya rəhbərinə kömək edir. Bu peşə tibb, kimya, biologiya, fizika və sənaye kimi müxtəlif sahələrdə tələb olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş tibb müəssisəsinin rəhbərləri haqqında təlimatda qeyd edilib ki, Tibb müəssisəsinin rəhbəri vəzifəsinə ali tibb təhsili olan (baş direktor və direktor vəzifəsinə əlavə olaraq ali iqtisadi və ya ali hüquq) və ixtisası üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.
“Referans Medical Group”un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.