Вернуться назад Распечатать

Xankəndi Dövlət Dram Teatrının binasının bərpasına başlanılıb - RƏSMİ


Xankəndi Dövlət Dram Teatrının binasında bərpa işləri aparılır.

1xeber.media xəbər verir ki,bu barədə Modern.az-ın azad edilmiş ərazilərdə mədəni irsin bərpası və qorunması istiqamətində görülən tədbirlərlə bağlı sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, teatrın binası 1932-ci ildə istifadəyə verilib. Bina sovet dövrü memarlığının əsas elementlərini özündə əks etdirir. 2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Mədəniyyət Nazirliyi tərəfindən binada monitorinq işləri aparılıb.

“İşğal dövründə binanın istismar üçün yararsız vəziyyətə salındığı və bu səbəbdən əsaslı təmirə ehtiyacı olduğu müəyyən edilib. Aidiyyəti dövlət orqanları ilə birgə teatr binasının yükdaşıyan konstruksiyalarının texniki müayinəsi nəticəsində binanın təhlükəsiz istismarını təmin etmək üçün layihə əsasında bərpa-gücləndirmə işlərinin aparılması qərara alınıb. 2024-cü ildə Xankəndi Dövlət Dram Teatrının binasının təmir-bərpası və yenidənqurulması üzrə layihə-smeta sənədləri hazırlanıb. Layihəyə uyğun olaraq, həyata keçirilən bərpa işləri nəticəsində binanın dam örtüyü dəyişdiriləcək, fasad hissəsi ilkin görkəmində bərpa olunacaq, binanın həyətyanı sahəsində abadlıq işləri görüləcək, binanın daxili tam bərpa ediləcək. Bərpa işlərindən sonra tarixi bina ilkin görkəminə qaytarılacaq”,- məlumatda deyilir.

Qeyd edilib ki, Füzuli rayonunun Qarğabazar kəndində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Karvansaranın və yerli əhəmiyyətli memarlıq abidəsi olan Məscidin bərpası və ətrafının abadlaşdırılması istiqamətində də tədbirlər görülür.

“Sözügedən tarixi abidələrin bərpa və ətrafının abadlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanacaqdır. Artıq hər iki abidənin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma proseduruna başlanılıb.

Son olaraq bildirilib ki, qəzalı vəziyyətdə olan abidələrin təmir-bərpasına əlavə maliyyə mənbələrinin cəlb edilməsi də əsas hədəflərimizdəndir. Türk Mədəniyyəti və İrsi Fondunun vəsaiti hesabına isə Füzuli rayonunun işğaldan azad edilmiş Qoçəhmədli kəndində yerləşən tarixi Məscidinin bərpa olunması istiqamətində zəruri işlər aparılır”,- nazirlikdən bildirilib.