Вернуться назад Распечатать

“Müdafiə naziri soruşdu ki, neçə gün müharibə apara bilərik? Dedim…” – Məmmədyarov

“2015-ci ildə Azərbaycanın hərbi xərcləri təxminən 3 milyard dollar  təşkil edirdi. Bu da Ermənistanın bütün dövlət büdcəsindən çox idi. Həmin dövrdə ermənilər ruslara güvənirdilər. Düşünürdülər ki, Rusiya  onların təhlükəsizliyinə zəmanət verir. Eyni zamanda, diaspor vasitəsilə ABŞ-dan da dəstək almağı planlaşdırırdılar. Əmin idilər ki, Azərbaycan  heç vaxt ordusunun gücü ilə torpaqlarını işğaldan azad edə bilməyəcək”.

1xeber.media xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İctimai TV-də yayımlanan “Təmas xətti” verilişində deyib.

O, hərbi əməliyyatların mümkün müddətinə dair o dövrün müzakirələrini də xatırladıb:

“Müdafiə naziri məndən soruşdu ki, hərbi əməliyyatlar keçirmək üçün neçə gün vaxtımız var? Dedim, 3–4 gün, uzağı, 1 həftə.

Çünki üç həmsədr ölkə  məsələni BMT Təhlükəsizlik Şurasında qaldıracaqdı, bu da bizə mane ola bilərdi. Yeni qətnamə qəbul  edilə bilərdi. Yeni faktorlar, risklər var idi.

Prezident çox məsuliyyətli qərar verməli idi. O, bütün təhlükəsizlik amillərini nəzərə alaraq çox ağır, lakin düşünülmüş qərar qəbul  etdi. Sağ olsun ki, bu böyük məsuliyyət tələb edən missiyanı uğurla yerinə yetirdi”.