Vəhdət Partiyası qurumun Abşeron rayon təşkilatının sədri Rasim Xudaverdiyevin həbsi ilə bağlı açıqlama yayıb.
1xeber.media xəbər verir ki, məlumatda deyilir:
"Bir sıra mətbuat orqanlarında "Azərbaycan Vəhdət Partiyasının Abşeron rayon təşkilatının sədri həbs olunub" başlıqlı xəbər yayımlanıb. Məlumatda qeyd edilən Rasim Xudaverdiyev adlı şəxsin guya partiyamızın Abşeron rayon təşkilatının sədri kimi təqdim olunması tamamilə yanlış informasiyadır.
Qeyd edirik ki, Rasim Xudaverdiyev 2024-cü il dekabrın 15-də həbs olunub. Həbsindən əvvəl onun barəsində cinayət işi açılıb və o, axtarışda olan şəxs kimi qeydiyyata alınıb. Həbs olunmazdan bir ay öncə isə rayon partiya sədrliyindən və partiya sıralarından xaric edilib, törətdiyi cinayət əməllərinə görə hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına məlumat verilib.
Rasim Xudaverdiyevin partiyamızın Abşeron rayon təşkilatının sədri və üzvü olmadığı barədə Ədliyyə Nazirliyinin Reyestr Xidmətinə də rəsmi məlumat təqdim olunub.
Bundan əlavə, 2024-cü ildə parlament seçkiləri ərəfəsində Rasim Xudaverdiyev partiya rəhbərliyindən icazə almadan, özbaşına təbliğat və təşviqat materialları hazırlayıb, şəhid və qazi ailələrini, eləcə də seçiciləri aldadıcı şüarlarla çaşdıraraq partiyanın adından sui-istifadə edib. Bu səbəbdən həm Rasim Xudaverdiyev, həm də həmin dövrdə Vəhdət Partiyasının Abşeron rayon təşkilatına nəzarət edən şəxslər partiyadan uzaqlaşdırılıblar.
Hazırda Azərbaycan Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvidir".oxu.az