Вернуться назад Распечатать

Gəncədə Zəfər Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib

Gəncə Şəhər İcra Hakimiyyətində 8 Noyabr – Zəfər Gününün beş illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

1xeber.media-nın bölgə müxbiri xəbər verir ki, əvvəlcə dəyirmi masa iştirakçıları şəhid ailələri ilə birgə Ulu Öndər Heydər Əliyevin şəhərin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyal, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və şəhid ailələri iştirak ediblər.

Dəyirmi masada Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən beş il keçir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib. 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan xalqı üçün Vətən müharibəsinə çevrildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşdu: işğala son qoyulsun və tarixi ədalət bərpa edilsin. Bu zəfərin təməlində uğurla həyata keçirilmiş dövlət siyasəti, xalqın öz liderinə və ordusuna inamı, ordunun isə xalqa güvəni dayanır.

Dəyirmi masa iştirakçıları vurğulayıblar ki, Vətən müharibəsində qazanılan möhtəşəm hərbi-siyasi Zəfərdən sonra Azərbaycan dövləti və xalqı tarixinin yeni, qürurverici mərhələsinə qədəm qoyub. Bu gün dünya birliyi və beynəlxalq ictimaiyyət Azərbaycanı təkcə müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərlə deyil, həm də güclü, müstəqil və söz sahibi olan bir dövlət kimi tanıyır. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf və dövlətçilik yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib, Azərbaycan özünün ən mürəkkəb və taleyüklü məsələlərini uğurla həll edən qüdrətli ölkəyə çevrilib.

Bildirilib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilib, hər zaman iftixarla xatırlanacaq və nəsillərə qürur mənbəyi olacaq tarixdir.