Gələcəkdə Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin bərpa olunması, kommunikasiyaların açılması regionda ticarət və iqtisadi inteqrasiyaya hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı perspektivləri “Yeni Sabah”a şərh edən iqtisadçı Fuad İbrahimov bildirib ki, yollar açılsa, gediş-gəliş bərpa olunsa, bu, fərqli yönlərdən hər iki ölkə üçün əhəmiyyətli olacaq:
“Əvvəla, bu, Azərbaycan üzərindən Qazaxıstan taxılının Ermənistana getməsi məsələsidir. Əslində, hələ münaqişə dövründə, yəni Qarabağda aktiv müharibə olmadığı zaman bəzi hallarda Azərbaycan üzərindən Ermənistana qaz nəql olunub. Bilirsiniz, Rusiya qazı Azərbaycan üzərindən nəql olunub. Yəni, bu, əsasən Gürcüstan üzərindən nəql olunur. Lakin orada cari təmirə bağlandığı dövrlərdə Azərbaycandan qaz gedib Ermənistana. Əslində, biz insani münasibətləri hər zaman üstün tutmuşuq, buna görə heç vaxt qısqanclıq etməmişik.
Çünki Ermənistanın ən böyük ticarət partnyoru Rusiyadır və Rusiya ilə əlaqə yalnız Gürcüstan ərazisindən həyata keçirilir. Orada isə mövsümi çətinliklər yaşanır: qışda iqlim şəraitinə, yayda isə çoxsaylı turist avtomobillərinə görə iri həcmli yük maşınlarının hərəkəti çətinləşir. Nəticədə kənd təsərrüfatı məhsulları vaxtında çatdırıla bilmir və Ermənistan bu səbəbdən kifayət qədər problemlərlə üzləşir.
Əgər Azərbaycan ərazisindən gediş-gəliş mümkün olsa, bu, Ermənistan üçün həm dəmir yolu, həm də avtomobil yolları baxımından ən əlverişli marşrut olar. Beləliklə, Rusiya bazarı onlara daha asan əlçatan olar”.
Müsahibimiz vurğulayıb ki, iqtisadiyyatlarımız baxımından da əməkdaşlıq üçün geniş imkanlar mövcuddur:
“Azərbaycanın kimya sənayesi, inşaat materialları istehsalı, həmçinin bəzi qida məhsulları — məsələn, Azərçay kimi brendlər — bu gün belə bölgədə tanınır və rəqabətlidir. Bizim əlaqələrimiz bu istiqamətlərdə daha da genişlənə bilər.
Eyni zamanda, Ermənistanın da kənd təsərrüfatı sektoruna aid kifayət qədər məhsulları və özünəməxsus mətbəxinə aid istehsal sahələri var. Onlar da bu istiqamətlərdə bizdən əməkdaşlıq təcrübəsi öyrənə bilərlər. Sovet dövründə Ermənistanda müəyyən sənaye sahələri, xüsusilə yüngül sənaye kifayət qədər inkişaf etmişdi. Hesab edirəm ki, bu, kiçik və orta sahibkarlıq, eləcə də istehsal sahələrinin inkişafı baxımından Azərbaycanla əməkdaşlıq üçün uğurlu ola bilər.
Ümumilikdə, əməkdaşlıq spektri çox genişdir. Bununla yanaşı, hər iki ölkədə və bütövlükdə bölgədə sülhün bərqərar olması turizm sektorunun sürətli inkişafına gətirib çıxaracaq. Çünki bölgəyə gələn qonaqlar təkcə bir ölkəni deyil, həm Gürcüstanı, həm Ermənistanı, həm də Azərbaycanı ziyarət etmək istəyəcəklər. Bu isə regionun cəlbediciliyini, cazibədarlığını və əlçatanlığını artıracaq. Nəticə etibarilə, bu proses ən çox turizm sektorunun inkişafına şərait yaradacaqdır”, -deyə ekspert bildirib.