Вернуться назад Распечатать

Ramiz Mehdiyevdən zərbə alan 42 min ailədən ETİRAZ: "O ləğv etdi və..."

42 min ailəni təmsil edən “Özəlləşdirmə Çekləri Qrupu” redaksiyamıza müraciət göndərib.

1xeber.media xəbər verir ki, Musavat.com-a danışan qrupun nümayəndəsi, təqaüddə olan Tahir Axundov bildirib ki, uzun illərdir Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət əmlakının özəlləşdirilməsi prosesində vətəndaşlara verilmiş pay çeklərinin (özəlləşdirmə çeklərinin) hüquqi dəyəri və istifadəsi məsələsi açıq qalır.

O qeyd edib ki, bu məsələ artıq on minlərlə ailənin mülkiyyət hüququ və sosial təminatı ilə bağlı ciddi problemə çevrilib: “Bizim özəlləşdirmə paylarımız – yəni Miras Əmlak Paylarımız – qanunla təsbit olunmuş hüququmuzdur. Onları satmamışıq, itirməmişik, sadəcə dövlət bu hüquqların reallaşması üçün şərait yaratmayıb. Qanun açıq şəkildə deyir ki, bu paylar dövlət əmlakının özəlləşdirilməsində ödəmə və tədavül vasitəsi kimi işlədilməlidir. Təəssüf ki, bəzi məmurların səhlənkarlığı və ya məqsədli addımları nəticəsində bu hüquq illərlə bloklanıb".

Müraciətdə qeyd olunur ki, 1995-ci ildə qəbul olunmuş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun və Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə imzaladığı 450 nömrəli Fərman bu sahədə hüquqi bazanı müəyyən edib. Həmin sənədlərə əsasən, özəlləşdirmə prosesində dövlət əmlakının ən azı 65 faizi vətəndaşların pay çekləri vasitəsilə bölüşdürülməli idi.
Tahir Axundov bildirir ki, bu prinsiplər 2004-cü ildən etibarən bir sıra fərman və qərarlarla pozulub, nəticədə vətəndaşların qanunla verilmiş hüquqlarının həyata keçirilməsi qeyri-mümkün olub:

“2004-cü ildə qəbul edilən 75 nömrəli Fərmanla özəlləşdirmə paylarının ödəmə vasitəsi kimi istifadəsi dayandırıldı. Bu isə həm Konstitusiyanın 13, 29 və 149-cu maddələrinə, həm də Ulu Öndərin imzaladığı normativ sənədlərə zidd addımdır. Fərmanla vətəndaşın mülkiyyət hüququ məhdudlaşdırıla bilməz – bu, yalnız qanunla mümkündür".

Müraciətdə bildirilir ki, Ulu Öndər Heydər Əliyevin vəfatından cəmi altı ay sonra, onun müəyyən etdiyi özəlləşdirmə siyasətinə qarşı müəyyən məmur qrupları tərəfindən fərqli yanaşmalar formalaşmağa başlayıb.

Qrupun üzvlərinin sözlərinə görə, həmin dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev və onun ətrafında toplanan bəzi məmurlar, Heydər Əliyevin imzaladığı hüquqi sənədləri səhv şərh edərək və ya məqsədli şəkildə fərqli istiqamətə yönəldərək, özəlləşdirmə prosesini ləngidiblər.

“Ulu Öndər xalqın payını qorumaq üçün çox dəqiq hüquqi mexanizm qoymuşdu. Amma onun vəfatından sonra bəzi vəzifəli şəxslər bu mexanizmi dəyişdirərək, sanki vətəndaşların payı dövlətin daxili balansında 'donduruldu'. Yəni Qanunla özəlləşdirmə payı-çekləri kimi mülkiyyət hüququnu təsdiq edən və Qanunla Dövlət İnvestisiya Fondları yaradılana qədər bütün özəlləşdirmə dövrü üçün dövriyyədə ödəmə vasitəsi kimi istifadəsi – mülkiyyət hüququndan istifadə qaydası - Konstitusiya və Qanunlarla qoyulan və qorunan bir qayda- Konstitusiya və Qanunlara tam zidd olaraq ilk dəfə 2004-cü ildə 75 nömrəli Fərman 1.1-ci bəndi ilə məhdudlaşdırılaraq sonradan ləğv olundu.

Biz bunu açıq şəkildə dövlət səviyyəsində hüquqi səhv hesab edirik. Əgər bu səhv olmasaydı, bu gün 42 min ailə öz haqqını tələb etmək məcburiyyətində qalmazdı".

Qrup üzvləri hesab edirlər ki, bu məsələ təkcə iqtisadi yox, həm də sosial və mənəvi ədalət məsələsidir. Çünki söhbət xalqın birbaşa dövlət əmlakındakı payından gedir:

“Statistik göstəricilərə görə, özəlləşdirmə paylarını satmamış yaşlı nəsil arasında hər il orta hesabla 1,5 faiz insan dünyasını dəyişir. Bu da o deməkdir ki, hər gün təxminən 41 nəfər öz haqqına çatmadan vəfat edir. Əgər bu proses belə davam etsə, yaxın illərdə bu payların reallaşacağı ümidini daşıyan nəsil tamamilə aradan çıxacaq”.
Müraciətdə həmçinin bildirilir ki, Mülkiyyət hüququ fundamental insan hüququdur və bu hüququn məhdudlaşdırılması heç bir halda fərman və ya qərarla həyata keçirilə bilməz.

Qrupun təmsilçiləri qeyd edirlər ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı sənədlərdə açıq şəkildə göstərilir:

* Özəlləşdirmə payları ödəmə vasitəsidir;

* Onlardan imtina və ya dayandırılma qanunla belə, Konstitusiyaya ziddir;

* Dövlət bu hüquqları qorumağa borcludur.

Müraciətdə vurğulanır ki, bu məsələnin illərlə həll olunmaması dövlətin iqtisadi imicinə və sosial ədalət prinsiplərinə mənfi təsir göstərir, eyni zamanda korrupsiya üçün zəmin yaradır.

“Əgər 42 min ailə bu gün hüququnu tələb edirsə, deməli, məsələ sırf şəxsi maraq yox, ictimai əhəmiyyətli problemdir. Biz istəyirik ki, Milli Məclis bu məsələni gündəliyinə daxil etsin, müvafiq komissiya yaradılsın, hüquqi və iqtisadi əsaslar yenidən qiymətləndirilsin”.

Sonda “Özəlləşdirmə Çekləri Qrupu” həm deputatlara, həm də KİV nümayəndələrinə müraciət edərək, bu məsələnin ictimai müzakirəyə çıxarılmasını və vətəndaşların Miras Əmlak Paylarının dəyərinin təmin olunması üçün tədbirlər görülməsini xahiş edib: “Bu məsələ nə qədər yubadılırsa, bir o qədər insan haqqına çatmadan dünyadan köçür. Xalqın 65 faizlik payı qanunla xalqa məxsusdur. Onu canlandırmaq, hüquqi əsasını bərpa etmək həm dövlət, həm də cəmiyyət qarşısında vicdan borcudur".