Azərbaycan COP29 Sədrliyini rəsmi olaraq Braziliyaya təhvil verdi.
1xeber.media xəbər verir ki, bu gün Braziliyanın Belem şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransında (COP30) COP29 prezidenti Muxtar Babayev estafeti Braziliyaya və COP30-un Prezidenti Andre Korrea du Laqoya rəsmi şəkildə təhvil verib.
Beləliklə, Azərbaycan qlobal iqlim fəaliyyətində mühüm mərhələni başa vurdu. Ölkəmiz bu prosesdə yalnız ev sahibi deyil, həm də qlobal həmrəyliyin formalaşmasına töhfə verən ədalətli vasitəçi rolunu oynadı.
COP29 missiyası Azərbaycanın diplomatik çevikliyini və beynəlxalq miqyasda qazandığı etimadı bir daha nümayiş etdirdi. Müəyyən edilən strateji xətt insanları bir araya gətirmək, ortaq hədəflərə yönəlmək və iqlim fəaliyyətində mümkün olan ən yüksək ambisiyaya nail olmağa əsaslanırdı.
COP29-un ən mühüm nəticələrindən biri Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) üzərində razılıq əldə olunmasıdır. Bu sənəd inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında maliyyə məsuliyyətlərinin aydın və şəffaf şəkildə bölüşdürülməsini təmin edir.
Azərbaycan bir daha göstərdi ki, beynəlxalq səviyyədə etimad doğuran, balanslı siyasət yürüdən ölkə kimi çıxış edə bilir. COP29 sədrliyi dövründə keçirilən danışıqlarda Azərbaycan müxtəlif regionlardan gələn tərəfləri bir masa arxasında toplayaraq dialoqun davamlılığını təmin etdi.
COP29 çərçivəsində bərpaolunan enerji, su ehtiyatlarının idarə olunması, yaşıl texnologiyalar və regional əməkdaşlıqla bağlı qəbul edilən qərarlar Azərbaycanın öz milli inkişaf modeli ilə də üst-üstə düşür. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl enerji zonaları” bunu aydın nümayiş etdirir.
Sədrliyin Braziliyaya təhvil verilməsi qlobal iqlim prosesində kontinental keçidi simvolizə edir. Yaşıl təşəbbüslər Cənubi Amerikada davam etdiriləcək. Braziliya dünyanın ən geniş tropik meşə ekosisteminə sahib ölkə olaraq COP30-un əsas müzakirə platformasını təyin edəcək.
Azərbaycan isə prosesdən kənara çəkilmir, əksinə, öz liderlik və körpü rolunu davam etdirmək niyyətindədir. Ölkəmiz qlobal iqlim diplomatiyasında tərəfdaşlıq və həmrəyliyə əsaslanan fəaliyyət xəttini qorumaqda qərarlıdır.
Azərbaycan tərəfi bəyan edib ki, COP29 Sədrliyinin başa çatması iqlim mübarizəsində məsuliyyətin bitməsi demək deyil. Əksinə, bu, yeni mərhələnin başlanğıcıdır.