Azərbaycanda xüsusilə, ərzaq bazarında və gündəlik istehlak malları sektorunda qiymətlərlə bağlı manipulyasiya halları çoxdur. Əlbəttə, bununla mübarizə üçün müvafiq dövlət qurumları var. İqtisadiyyat Nazirliyi yanında antiinhisar və nəzarət departamentləri var. Hətta, qeyri-hökumət təşkilatları da var. Onlara dövlət tərəfindən layihələr həyata keçirilməsi üçün vəsaitlər ayrılır. Həmin qurumlar qiymətlərin bazarda xaotik hal almaması üçün nəzarət vəzifəsi yerinə yetirməlidir. Təəssüf ki, biz bu, işlərin yetərli səviyyədə olmasının şahidi olmuruq. Doğrudur, iri marketlər zincirləri arasında qiymət baxımından böyük fərq olmur. Bu fərq 1-2 və 5-10 qəpik arasında dəyişir".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Razi Abbasbəyli deyib.
"Böyük marketlər şəbəkəsinə aid olmayan yerlərdə, xüsusilə, regionlarda qiymətlərin süni şəkildə şişirdilməsinin şahidi oluruq. Sürətli bahalaşmaya görə vətəndaş məhsulun qiymətinin real olub- olmamasını ayırd edə bilmir. Bununla bağlı dövlət qurumları mütəmadi monitorinqlər keçirməlidir. Həm cəza tədbiri görülməli, həm də ictimai qınaq şəklində özünü göstərməlidir".
O bildirib ki, dövlət qurumları bu sahədə fəaliyyət göstərsələr də, gördüyü işlər qənaətbəxş səviyyədə deyil:
"Digər məsələ dünya iqtisadiyyatında qəbul edilmiş normadır. İnfilyasiyanın sürətləndiyi bir dövrdə, qiymətlərin bahalaşması şəraitində "katolizator" rolunu oynayan, qiymətləri daha da irəli atan mexanizmlər var. Bunlara parazit mexanizmlər deyilir. Azərbaycanda həmin mexanizmlər fəaliyyət göstərir. Parazit mexanizmlər çox qısa bir zaman ərzində qiymətin süni şəkildə artımı, xaotik vəziyyət, nəticə etibarı ilə real qiymət artımı şəklində özünü göstərir. Süni şəkildə artırılan qiymətlər özünü real bahalaşma formasında rəsmiləşdirir. Bununla bağlı dünyada qazanılan təcrübə və mübarizə metodları var. Kiçik mağazalardan iri istehsal müəssisələrinə qədər qiymətlərin tənzimlənməsi ilə bağlı ayrı-ayrı proqramlar qəbul edilib. Bu, proqramlar dünya ticarət təşkilatı, dünya bankı tərəfindən tövsiyə edilən proqramlardır. Proqramlar inkişaf etmiş ölkələrin təcrübəsində istifadə edilir. Azərbaycanda isə fəaliyyət ürəkçan deyil".