1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp-kiçik 12 noyabrda İrəvana səfər edəcək. Səfər rəsmi-diplomatik formatda deyil, daha çox biznes və infrastruktur danışıqları çərçivəsində həyata keçirilir.
Ermənistan mənbələrinin məlumatına görə, danışıqların əsas mövzusu Zəngəzur dəhlizinin yeni mərhələsi kimi təqdim olunan TRIPP (“Tramp marşrutu”) layihəsi olacaq. Layihə dəhlizin Ermənistan ərazisindən keçən Meğri hissəsinin uzunmüddətli idarəçiliyini və infrastrukturunun yenidən qurulmasını nəzərdə tutur.
Xatırladaq ki, sentyabr ayında ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Brendon Xanrahan İrəvanda bəyan etmişdi ki, Vaşinqton Zəngəzur dəhlizinin Ermənistan hissəsinin başlanğıcı üçün yollar, dəmir yolu, energetika və rabitə infrastrukturlarına 145 milyon dollar ayırır. Bundan əlavə, ABŞ tərəfi Meğri zonası ilə bağlı 99 illik icarə və operatorluq modelini də müzakirə edir. Layihənin arxasında milyardlarla dollarlıq investisiya paketi olduğu bildirilir.