Türkiyə hərbi təyyarəsinin Gürcüstan səmasında qəzaya uğramasını texniki amillərlə izah etmək mümkündür. Ancaq bölgədə hərbi təyyarələrin və helikopterlərin artan qəzaları heç də hər zaman texniki nasazlıqla əlaqəli olmur.
1xeber.media məlumatına görə, bu sözləri politoloq Elxan Şahinoğlu qəzaya uğrayan Türkiyə hərbi təyyarəsi ilə bağlı danışarkən deyib. O bildirib ki, bildirib. O qeyd edib ki, etibarlı təyyarənin qəzaya uğraması detallı araşdırma tələb edəcək:“Müxtəlif ekspertlərin Amerika istehsalı hərbi karqo təyyarəsinin etibarlılığı barədə mülahizələri də suallar yaradır. Peşəkar pilotların idarə etdiyi etibarlı təyyarənin qəzaya uğraması detallı araşdırma tələb edəcək. Havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqənin kəsilməsi və radar siqnalının itməsi istər-istəməz 2019-cu ildə Xəzər üzərində qəzaya uğrayan Azərbaycan hərbi təyyarəsi olayını xatırladır.
Həmin olayda da Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdi”.
Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Gəncədən qalxan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasında heç bir versiya istisna edilməməlidir:
“İlk baxışda təbii səbəblər ehtimalı daha güclü görünür, lakin bu coğrafiyada baş verən belə hadisələrdə şübhələr hər zaman aktual olub. Hadisənin indi baş verməsi – hərbi təyyarə olması, Bakıdakı hərbi paraddan sonra qəzaya uğraması və regionun gələcək konturlarının Bakı və Ankara tərəfindən cızıldığı, iki il öncəyə qədər bu bölgədə “söz sahibi” olan güclərin oyundan kənar vəziyyətə düşməsi fonunda şübhələr yenə aktualdır”.