Dekabrın 5-də Suraxanı rayonunda 2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları, 2025-ci ildə qarşıda duran məsələlər və yanğın təhlükəsizliyinin təmin olunmasına dair növbəti müşavirə keçirilib.
1xeber.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən müşavirədə RİH başçısı Adil Əliyev, FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, rayonun hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, mənzil-kommunal və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə FHN-in Suraxanı rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Toğrul Vəliyev “Rayon üzrə Mülki müdafiənin vəziyyəti” ilə bağlı məruzə edib.
RİH başçısı Adil Əliyev bildirib ki, yanğınsöndürənlərin işini çətinləşdirən bir çox amillərin, xilasetmə əməliyyatlarına əngəllər törədən ərazidəki qeyri-qanuni quraşdırılmış şlaqbaumlar və digər süni maneələrin götürülməsi, mənzil-kommunal idarələri tərəfindən balanslarında olan yaşayış binalarındakı tüstü bacalarının ildə ən azı iki dəfə təmizlənməsi işinin təşkil olunması, rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunması, daxili yanğın kranlarının və yanğına qarşı su təchizatının yararlı vəziyyətə gətirilməsi, təhlükəsizlik qaydalarına zidd olan maye qaz balonlarından istifadənin qarşısının alınması, sakinlər tərəfindən mərtəbələrdə bağlanmış ehtiyat çıxışlarının açılmasının təmin olunması, yaşayış binalarında işlərin “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın və “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun təşkil olunması və bir çox digər işlər aidiyyəti qurumlar tərəfindən görülməlidir.
Həmçinin, Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov aidiyyəti qurumlara yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı lazımi tövsiyələr verib.
Tədbirdə çıxış edənlərin təklifləri nəzərə alınaraq məktəblərdə maarifləndirici tədbirlər, tüstü bacalarının təmizlənməsi ilə bağlı ixtisaslaşdırılmış idarələrə müraciət olunması, yaşayış evlərinin sığortalanması üçün maarifləndirici tədbirlərin görülməsi, məişət tullantılarının vaxtında daşınması, onların yandırılmasının qarsının alınması və digər işlərin görülməsi tövsiyə edilib.