Вернуться назад Распечатать

Sərhədlər tezliklə AÇILMAYACAQ!

Görünən odur ki, hökumət bu məsələni həll etməyə çalışır, amma...

Son günlər sərhədlərin mərhələli formada və təxminən 1 ay müddətində tam şəkildə açılacağı haqda iddialar yayılıb. İddialara görə, Gürcüstan və Türkiyə sərhədlərinin mərhələli açılması mümkündür. 

Cəmiyyətdə birmənalı qarşılanmayan bu məlumatlara inanmayanlar inanlardan daha çoxdur. Çünki karantin rejiminin ilk dövrlərindən bu günə qədər hələ də qapalı olan quru sərhədlərin açılması ilə bağlı yayılan xəbərlər doğrulmayıb. 

Xatırladaq ki, Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar “xüsusi karantin rejimi” 2020-ci ilin mart ayından etibarən qüvvəyə minib. Həmin ilin aprel ayından etibarən isə ölkənin quru sərhədləri bağlanıb və bu məhdudiyyət bir sıra digər qapanmalarla paralel şəkildə tətbiq olunub. Hazırda pandemiya ilə bağlı bütün məhdudiyyətlər ləğv edilsə də, quru sərhədlər artıq 5 ildir ki, bağlı qalmaqdadır. Ölkədən çıxış yalnız hava nəqliyyatı vasitəsilə mümkündür.

“8 avqust Vaşinqton Zirvəsi 90-cı illərin "Əsrin neft müqaviləsi" kimi yeni yüzilin tarixi anlaşmasıdır. Razılaşmalar büdcəyə yalnız cari ehtiyaclar üçün deyil, həm də regionu açmaq və qlobal iqtisadi layihələr baxımından yeni yanaşmalar tələb edir. Müharibə riskinin aradan qalxması və sülh müqaviləsinin gələn il imzalanması perspektivi qarşıdakı 10 ildə ümumi regionda 2 milyondan çox iş yerinin açılmasına təkan verə bilər. Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq".

Bu sözləri parlamentin plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.  

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də “Azpolitika.info”ya son müsahibəsində bu mövzuya toxunub: “Quru sərhədlər açılmalıdır. Novruz bayramında İrandan, Gürcüstandan, Rusiyadan ölkəyə yüz minlərlə soydaşımız gəlirdi, amma indi ölkəyə giriş yalnız təyyarə ilə mümkündür. Gəmi ilə Mərkəzi Asiya respublikalarından turistlər gəlməlidir. Xəzər dənizində gəmi ilə yalnız yük daşımamalıyıq, sərnişindaşıma inkişaf etdirilməlidir”. 

Görünən odur ki, Zahid Orucun ehtimalları reallığa daha yaxındır, yəni quru sərhədlərin açılacağı müddət heç də yaxın deyil...

“Təbii ki, mən də son günlər quru sərhədlərin mərhələli şəkildə və yaxın bir ay ərzində açılacağı ilə bağlı yayılan məlumatları diqqətlə izləyirəm. O qənaətdəyəm ki, sərhədlərin bağlı qalması zərurətdən doğur. Lakin onu da bildirmək vacibdir ki, pandemiya dövründə tətbiq olunan məhdudiyyətlər artıq illərdir ölkənin quru sərhədlərinin bağlı qalmasına səbəb olub və bu vəziyyət həm vətəndaşların hərəkət imkanlarına, həm də regional iqtisadi dinamizmə müəyyən təsir göstərir”. Bu fikirləri “Yeni Müsavat”da Milli Məclisin deputatı Vüqar İskəndərov səsləndirib. 

Deputat bildirib ki, artıq Azərbaycan pandemiya ilə bağlı bütün məhdudiyyətləri ləğv edib və hazırda ölkədən çıxış yalnız hava nəqliyyatı ilə mümkündür: “Lakin regionda baş verən yeni geosiyasi proseslər, sülhün təmin olunması istiqamətində atılan addımlar və beynəlxalq əməkdaşlığın genişləndirilməsi fonunda quru sərhədlərin açılması məsələsi artıq daha da aktuallaşır. Digər tərəfdən, hesab edirəm ki, quru sərhədlərin mərhələli şəkildə açılması həm humanitar əlaqələrin bərpası, həm də iqtisadi aktivliyin artırılması baxımından zəruridir. Milyonlarla insanın sərbəst hərəkəti, turizm axınının genişlənməsi, Xəzər hövzəsində sərnişin daşımalarının inkişafı və region ölkələri ilə qarşılıqlı əlaqələrin güclənməsi Azərbaycanın milli maraqlarına tam uyğundur”.

Millət vəkili əlavə edib ki, sərhədlərin açılmasına müsbət təsir edəcək başqa məqamlar da var: “Müharibə risklərinin minimuma enməsi, kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqların intensivləşməsi və bölgədə sabitliyin möhkəmlənməsi sərhədlərin açılmasını daha real və daha vaxtında atılmalı addım kimi gündəmə gətirir. Yəni əgər bu addım atılarsa, belə bir qərarın təkcə ölkədaxili sosial rahatlığa deyil, həm də geniş regional əməkdaşlıq perspektivlərinə xidmət edəcəyi şübhəsizdir. Bu baxımdan hesab etmək olar ki, quru sərhədlərin açılması Azərbaycanın həm humanitar, həm də iqtisadi maraqları üçün vacibdir və prosesin mərhələli şəkildə, təhlükəsizlik prioritetləri nəzərə alınmaqla həyata keçirilməsi məqsədəuyğundur. Hazırkı beynəlxalq və regional mühit göstərir ki, bu istiqamətdə pozitiv irəliləyişlər üçün daha əlverişli imkanlar formalaşmaqdadır”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bu məsələdə bir qədər nikbindir. O, quru sərhədlərin uzun müddət bağlı qalacağını düşünmür: “Pandemiyadan sonra Azərbaycana quru yolla giriş-çıxışın dayandırılması son vaxtlar ciddi müzakirə mövzusudur. Bu situasiyanın uzun müddət davam etməsi hətta miqrasiya etməyən şəxslərin də müzakirəyə qoşulmasına gətirib çıxarıb. Sərhədlərin açılması məsələsinə üçlü bir münasibət var. Biri hökumətin münasibətidir, sərhədlərin bağlı qalmasını istəyir və onu müdafiə edənlər də yox deyil. İkincisi, sərhədlərin təcili açılmasını tələb edən və əksəriyyətini sadə vətəndaşların təşkil etdiyi çoxluqdur. Hər bir tərəfin özünəməxsus arqumenti var. Hökumət bunu təhlükəsizlik səbəbi ilə izah edir. Ola bilsin ki, bir sıra məsələləri məhz elə bu səbəbdən izah edə bilmir. Buna görə də bəzən anlaşılmazlıq mühiti dərinləşir. Sərhədlərin açılmasını istəyənlər isə başqa ölkələrin nümunəsinə əsaslanır. Eyni zamanda iqtisadi, sosial və sərbəst hərəkət faktorlarını qeyd edir. Göründüyü kimi, təhlükəsizlik məsələsi ilə hüquqi azadlıq faktoru qarşı-qarşıya dayanıb. Burada ədalətli seçim etmək vacibdir. Bəzən ümumi təhlükəsizlik naminə insan hüquqlarının bir hissəsinin məhdudlaşdırılması mümkündür və bu, qəbul edilə biləcək hərəkətlərə aiddir. Elə hallar da vardır ki, insanların hüquqları hökumətin bütün manevrlərinin fövqündə dayanmalıdır. Onun məhdudlaşdırılması heç bir arqumentlə əsaslandırıla bilməz. Bu zaman hökumət alternativ vasitələrdən istifadə edərək öz vəzifəsini yerinə yetirməlidir. Azərbaycan xalqı sərhədlərin bağlı qalmasının real faydalı nəticələrini gördüyündən bu məsələyə də kifayət qədər səbirli və anlayışlı yanaşıb.

Bununla belə, cəmiyyətin istəyi də başa düşüləndir. 44 günlük müharibədə olduqca məkrli və hiyləgər düşmənə qalib gələn, diplomatik bacarıqlardan istifadə edərək bəzi rayonlarımızı silah işlətmədən azad edən, 23 saatlıq antiterror əməliyyatında ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edən iqtidarın sərhədləri uzun müddət bağlı saxlayacağı inandırıcı görünmür. Ona görə də bu məsələyə pozitiv yanaşmaq lazımdır. Yəni quru sərhədlər tezliklə açıla bilər. Müşahidələr göstərir ki, hökumət bu məsələni yaddaqalan nəticələr əldə etməklə birdəfəlik həll etməyə çalışır. Yəni sərhədlərin açılması eyni zamanda unudulmaz bir uğura da bağlanıla bilər. Bu dövlətimizə qarşı təhlükəli təhdidlərin aradan qaldırılması və Azərbaycanın revanşı kimi tarixə düşə bilər".