Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 24 noyabrda Rumıniyanın ədliyyə naziri Radu Marinesku ilə görüşüb.
1xeber.media xəbər verir ki, görüşdə dövlətlərimiz arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyəsi, hüquqi əməkdaşlığın inkişafı və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Azərbaycan ilə Rumıniya arasında münasibətlərin ənənəvi olaraq dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykəndiyini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ildə Buxarestə baş tutan rəsmi səfərini xatırlayıb. O, bu münasibətlərin formalaşmasında dövlət başçısı İlham Əliyevin mühüm rolunu qeyd edib.
Hüquqi sahədə əməkdaşlıq məsələlərinə toxunan Baş prokuror ölkələrimiz arasında gənc kadrlar üçün qarşılıqlı təcrübə mübadiləsi proqramlarında iştirakın təmin olunması, korrupsiya, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və kibercinayətkarlıq daxil olmaqla transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq barədə danışıb.
Rumıniyanın ədliyyə naziri Radu Marinesku Rumıniyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini, eləcə də enerji və nəqliyyat layihələri sahəsində ortaq maraqları qeyd edib. O, Azərbaycanın Avropa İttifaqı ilə konstruktiv dialoqunun və Cənubi Qafqazda sabit mühitin qorunmasının Rumıniya tərəfindən dəstəkləndiyini vurğulayıb. Bunun regionda investisiyalar və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tərəflər müntəzəm dialoqu davam etdirmək və qarşılıqlı maraq doğuran sahələrdə konkret layihələri inkişaf etdirmək barədə razılığa gəliblər.