Mədəniyyət nazirinin imzası ilə təsdiqlənmiş sənədlərdəki məlumatlar şikayətçilərin səsləndirdiyi iddialarla üst-üstə düşür.



1xeber.media xəbər verir ki,son günlər sənətçilərin Mədəniyyət Nazirliyinə qarşı korrupsiya iddiaları səsləndirdiyi bir vaxtda Meydan TV-yə Zaqreb səfərinə dair xərclər smetası daxil olub. Sənəddə yer alan bilet və ezamiyyət rəqəmləri mövcud bazar qiymətləri ilə üst-üstə düşmür.
Mədəniyyət Nazirliyi ətrafında qalmaqal
Artıq bir neçə gündür ki, müğənni Nura Suri sosial şəbəkədə Mədəniyyət Nazirliyi ilə bağlı tənqidi ittihamlar səsləndirir. Bu ittihamlardan sonra ona bir neçə digər sənətçi də qoşularaq Nazirliyi tənqid ediblər. Səsləndirilən ittihamların əksəriyyəti Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri olmuş, hazırda isə Nazirliyin incəsənət şöbəsinin müdir müavini Mənzərxanım Nurəliyeva və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Nərminə Qafarlı ilə bağlıdır.
Onlar əsasən bu şəxslərin korrupsiyaya bulaşdığını, qurumu da öz qanunsuzluqlarına alət etdiklərini iddia edirlər. İttihamların böyük əksəriyyəti sənət adamlarının qonorarlarının kəsilməsi, onların müxtəlif tədbirlərdə iştirakının qarşısının alınması, şəxsi münasibətlərə görə dövlət tədbirlərinə dəvət edilməmələri, yaxud bunun müqabilində bahalı əşyaların, hədiyyələrin istənilməsi, xarici səfərlərdə təmənnaların güdülməsi, fəxri adların verilməməsi və s. kimi hallarla bağlıdır.
Nura Suri televiziyada çıxışında bildirib ki, Nərminə Qafarlı rüşvət vasitəçisi olan şəxsdir:
“Bu adam həmişə bizi konsertlərə dəvət edib, sən demə bizim adımıza qonarar var imiş, amma bunların heç birini biz bilməmişik. Və bu adam hələ də nazirliyin işçisidir”.
Müğənni Almaxanım Əhmədova da nazirlikdəki rüşvət iddialarını təkrarlayıb:
“Qastrol səfərinə getdikdən sonra bizə deyirdilər ki, səfərdə sizə gündəlik xərcləriniz üçün verilən pulu gətirin qaytarın bizə. Hətta bir dəfə mən Respublika Muğam Müsabiqəsində birinci yerə çıxanda səhəri gün zəng edib dedilər ki, Almaxanım, orada 5 min pul udmusunuz. Bilirik ki, yarısını musiqiçilərə ödəməlisiniz, heç olmasa yarısını gətirin keçirin könüllü Konservatoriyanın fonduna. Yəni “könüllü rüşvət”. Dünyada görülməyib belə bir şey”.
O qeyd edir ki, bəzən ezamiyyətlərdə gündəlik xərclər ödənilir, bəzən heç onlar da ödənmir.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova isə bütün ittihamları əsassız adlandırıb və sənətçilərin əllərində heç bir sübut və əsasın olmadığını bildirib.
Bilet, qonorar və ezamiyyət xərcləri ilə bağlı əsl rəqəmlər
2025-ci il iyunun 23–25-də Xorvatiyanın Zaqreb şəhərində təşkil olunan konsert proqramı və ikitərəfli görüşlər ilə bağlı xərclər smetasının dərc olunduğu sənədi əldə edilib.
Məlum sənəddə yol xərci ilə bağlı bölmədə Bakı-İstanbul-Zaqreb-İstanbul-Bakı reysinə 1 nəfər üçün 13 000 manat, 32 nəfər üçün isə 128 000 manat (adambaşına 4 000 manat) xərcləndiyi qeyd olunub.
Araşdırmalarımıza əsasən, məsələn, dekabr ayının sonlarına doğru eyni istiqamətlər üzrə qiymətlər adambaşına 1500 manatdır. Yay mövsümü olduğunu nəzərə alsaq, maksimum 2000-2500 manat olduğunu da ehtimal etsək, 1 biletin qiymətinin 4000 manat olması şişirdilmiş olduğunu göstərir. 1 nəfər üçün 13 000 manatlıq bilet isə istənilən halda mümkünsüz bir haldır.
Həmçinin müğənnilərə 1400-2100 manat arası da qonoror qeyd olunub. Lakin bəzi sənət adamları bəzən onlara 300 manat, bəzən isə heç qonorar verilmədiyini bildirirlər. Bundan başqa, sənəddə iki gün üçün 1 nəfərə 1500-2000 manat arası günlük xərclər ödənildiyi göstərilir.
Digər bir məqam, Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov bildirir ki, xaricə ezamiyyətə gedəndə, əgər hər şey qarşılanırsa ümumiyyətlə heç nə ödənilmir. Amma sənədlərdə qeyd olunub ki, 40% ezamiyyət xərcləni ödənilir. Məhz nazir üçün, Oleq Əmirbəyov üçün, Mənzərxanım Nurəliyeva üçün 40% ödənilir, sənətçilərə isə ödənilmir.
Mədəniyyət nazirinin imzası ilə təsdiqlənmiş sənədlərdəki məlumatlar şikayətçilərin səsləndirdiyi iddialarla üst-üstə düşür.


