Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 200 tona yaxın zəhərli almanın məhvinə 1 ay 10 gün əvvəl qərar verib. Qərarda yazılıb ki, almalar məhv edilməlidir.
Qərardan 1 ay 10 gün ötür, almalar məhv edilməyib, AQTA isə şübhəli sükut içindədir. Sanki zəhərli almaların daxili bazara ötürülməsi üçün fürsət gözlənilir.
Ən qorxulusu odur ki, Rusiya və Türkiyəyə göndərilməli olan 8 TIR alma bu gün də Xudat rayonunda yerləşən və Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin şəriklərindən olduğu “Food City Agrocomplex”dəki soyuducu sistemi olan anbarda saxlanılır. Müddət ötdükcə məsələ yaddan çıxır və almaların bazara çıxarılması an məsələsinə çevrilə bilər. Zəhərli almalar daxili bazara çıxarsa, xeyli Azərbaycan vətəndaşı sağlamlıq problemləri yaşayar, hətta xərçəng kimi bir bəlaya mübtəla ola bilərlər.
Məsələnin son dərəcə təhlükəli hal aldığını nəzərə alaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə informasiya sorğusu göndərmişik.
Həmin sorğunu təqdim edirik:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri cənab Qoşqar Təhməzliyə İNFORMASİYA SORĞUSU (“İnformasiya əldə etmək haqqında” AR Qanununun tələblərinə uyğun olaraq)
Hörmətli Qoşqar müəllim,
“Yeni Müsavat” qəzetinin əməkdaşı olaraq, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 17 oktyabr 2025-ci il tarixli qərarında “pestisid qalığının normadan artıq olması” səbəbiylə ixracına icazə verilməyən və məhv edilməsi tapşırılan alma partiyaları ilə bağlı ictimai əhəmiyyət kəsb edən məlumatların dəqiqləşdirilməsi məqsədilə aşağıdakı suallara rəsmi cavab verilməsini xahiş edirəm.
Mətbuat orqanlarına məlumat verildiyinə görə:
– Ümumi çəkisi 163,4 ton olan alma partiyaları “Fueqo” MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsusdur;
– Həmin alma məhsulları Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevlə əməkdaşlıq etdiyi iddia edilən “Food City Agrocomplex”də saxlanılır;
– Sınaq nəticələrinə əsasən, partiyalarda aşkar olunmuş pestisid qalıqları “Codex Alimentarius” standartlarında müəyyən edilmiş maksimal səviyyəni aşır;
– Agentliyin qərarına görə, məhsulun 1 ay ərzində məhv edilməli olduğu göstərilsə də, almaların hələ də məhv edilmədiyi bildirilir;
– Yaranmış vəziyyətin daxili bazara təhlükəli məhsul çıxarılması riski yaratdığı vurğulanır.
Yuxarıdakıları nəzərə alaraq, aşağıdakı suallar üzrə rəsmi məlumat verilməsini xahiş edirəm:
1. Agentliyin 17 oktyabr 2025-ci il tarixli qərarında göstərilən zəhərli alma partiyaları hazırda harada və hansı şəraitdə saxlanılır?
Onların AQTA-nın nəzarətində saxlanılması üçün hansı prosedur tətbiq olunur?
2. Qərarda göstərilən “1 ay ərzində məhv edilmə” tələbi yerinə yetirilibmi?
Əgər yerinə yetirilməyibsə, gecikmənin səbəbləri nədir?
3. Həmin məhsulların potensial olaraq daxili bazara çıxarılması ilə bağlı AQTA-ya məlumat və ya siqnallar daxil olubmu?
Daxili bazara çıxarılma riski qiymətləndirilirmi və bunun qarşısının alınması üçün hansı tədbirlər görülüb?
4. Məhv etmə prosesi hansı mexanizm üzrə həyata keçirilməlidir?
Bu prosesdə AQTA-nın, məhsul sahibi olan şəxslərin və saxlanıldığı müəssisənin (o cümlədən “Food City Agrocomplex”in) hansı öhdəlikləri var?
5. Saxlanılan alma məhsullarının məhv edilməsinin gecikməsi ictimai sağlamlıq üçün risk yaradırsa, Agentlik tərəfindən təcili tədbir görülməsinə dair qərar qəbul edilibmi?
6. Qeyri-standart və pestisidlə çirklənmiş məhsulların satılması və ya dövriyyəyə buraxılması cəhdi aşkar edilərsə, məsul şəxslər (hüquqi və fiziki) barəsində hansı inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulur?
7. Məlumatlarda adı hallanan şəxslər – İlham Əlisəftər oğlu Əliyev və İlkin Cahan oğlu Həsənov – tərəfindən Agentliyə hər hansı müraciət, şikayət və ya izahat təqdim olunubmu?
AQTA sədri Qoşqar Təhməzlinin verəcəyi cavabı da təqdim edəcəyik.
Xatırladaq ki, almalar İlkin Cahan oğlu Həsənov tərəfindən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevdən satın alınıb. Sahibkar 200 tona yaxın almanı Türkiyəyə göndərmək üçün pulunu ödəyərək satın alsa da, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsi “Qida və yem məhsullarına ixrac sağlamlıq sertifikatının verilməsindən imtina olunması” barədə qərar verib.
17 oktyabr 2025-ci il tarixli qərarda göstərilir ki, almalarda aşkar edilən pestisid qalığı miqdarı Azərbaycan Respublikasının 2011-ci ildə qoşulduğu “Codex Alimentarius” standartlarında müəyyən edilmiş maksimal qalıq səviyyəsini aşır. Məhsulun qida dövriyyəsinə buraxılması və satışına yol verilmədiyi xüsusi vurğulanıb, almaların məhv və ya utilizasiya olunması göstərişi verilib. Almaların Türkiyəyə göndərilməsinin qarşısı alınsa da, onların bu günə qədər məhv edilmədiyi barədə məlumat var. Halbuki, AQTA qərarına görə, zəhərli almalar 1 ay ərzində məhv edilməlidir.
Qərarın verilməsindən 1 ay 10 gün ötür və zəhərli almalar hələ də məhv edilməyib!
Bildirilir ki, almaların daxili bazarda satılması üçün “Food City Agrocomplex”dən çıxarılması məqsədilə müxtəlif vasitələrə əl atılır. Hər bir TIR-da 20 tondan artıq məhsul mövcuddur və ümumilikdə 200 tona yaxın zəhərli almanın daxili bazara çıxarılması üçün cəhdlər edilir.
Almalar daxili bazara çıxarılsa, nə baş verər?
Zəhərli almalar məhv edilməsə və daxili bazara çıxarılmasının qarşısı alınmasa, ölkədə kütləvi zəhərlənmələr baş verə bilər. Pestisid qalıqlarının insan orqanizminə təsiri ilə bağlı tibbi araşdırmalar çox təhlükəli xəstəliklərin yarana biləcəyini göstərir. Pestisidlər kənd təsərrüfatında ziyanvericilərə qarşı istifadə olunan kimyəvi maddələrdir. Bu maddələrin qida məhsullarında normadan artıq olması insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Pestisidlərin bir çoxu bədəndə parçalanmadan uzun müddət qala bilir və xroniki toksiki təsir göstərir.
Pestisidlərlə çirklənmiş alma qəbul edildikdə ürəkbulanma, qusma, qarın ağrısı, ishal, başgicəllənmə, zəiflik, allergik reaksiyalar, titrəmə, baş ağrısı kimi hallar baş verir. Bu simptomlar adətən 1–48 saat ərzində ortaya çıxır.
Bundan əlavə, pestisidlərin bədəndə yığılması qaraciyər və böyrək zədələnməsi, sonsuzluq, menstruasiya pozuntuları, testosteron azalması, yaddaş zəifləməsi, parkinsonizm riskinin artması və onkoloji xəstəliklərə səbəb ola bilər. Xüsusilə qaraciyər və hematoloji şişlər müşahidə edilir. Uşaqların pestisidlərin toksiki təsirinə qarşı həssaslığı daha yüksəkdir.
Hazırkı vəziyyətdə məhsulun daxili bazara çıxarılıb satılması təhlükəsini nəzərə alaraq, zəhərli almaların ictimaiyyətin iştirakı ilə məhv edilməsi zəruridir. Dövlət qurumları bu məsələni gözardı etmədən təcili müdaxilə etməlidirlər.
Mehdiyevin kürəkəni sahibkarın yarım milyon manatını qaytarmaq istəmir!
Hazırda almaları satın almış sahibkar İlkin Həsənovla Mehdiyevin kürəkəni İlham Əliyev arasında ciddi qarşıdurmanın yarandığı bildirilir. İlkin Həsənov ödədiyi yarım milyon manata yaxın vəsaiti geri tələb edir. İlham Əliyev isə zəhərli almalara görə aldığı pulu qaytarmaqdan imtina edir.
AQTA-nın saytında yerləşdirilən məlumata görə, “Fueqo” MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsus, Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton olan alma partiyalarından nümunələr götürülərək müayinə edilib. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkar edilib. Məhsul partiyaları Türkiyənin idxal tələblərinə və ölkəmizdə qüvvədə olan normalara cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv olunması barədə qərar qəbul edilib.
Hazırda yüklərin Mehdiyevin kürəkəninin şəriki olduğu iddia edilən “Food City Agrocomplex”də saxlanıldığı bildirilir. Yükün dəyəri yarım milyon manatdır.
Zəbt olunmuş bağlardan yığılan, zəhərə dönən almalar!
Amma məsələ təkcə zəhərli maddələrlə bağlı deyil. Bu almaların arxasında illərlə uzadılan məhkəmə oyunları, dövlətə qaytarılmayan milyonlar və Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin adı dayanır. Bu almalar şabranlı sahibkar Mansur İbrahimovun illər əvvəl əkib-becərdiyi bağlardan yığılıb. Həmin bağlar bir vaxtlar ona məxsus “TurAz” MMC-nin balansında olub.
Ramiz Mehdiyevin kürəkəni deputat olduğu dövrdə inzibati təsir və təzyiq yolu ilə bu şirkəti zəbt edib və məhkəmələri uzatmaqla qanuni sahibinə qaytarmaqdan illərdir yayınır.
Yada salaq ki, “TurAz” MMC şabranlı sahibkar Mansur İbrahimov tərəfindən təsis olunub və ona məxsus bağlarda fəaliyyət göstərib. Mehdiyevin kürəkəni Xaçmazın deputatı olduğu dövrdə “TurAz” MMC-ni qəsb edib ələ keçirib.
Mansur İbrahimov məhkəməyə müraciət edərək şirkətin ona məxsusluğunu təsdiqlədən qərar alıb, lakin həmin qərarın icrası bu günə qədər mümkün olmayıb.
Mansur İbrahimov Musavat.com-a açıqlamasında bildirib ki, xaricə daşınan meyvələrin satışından əldə edilən vəsait ölkəyə qaytarılmır:
“Şirkətdə bu işlərə Zahir Ələsgərov baxır. İlham onu “TurAz” MMC-nin direktoru təyin edib. Hər il yazırlar ki, guya xaricə apardıqları meyvələr orada zay olub, çürüyüb. Amma hər il zəbt olunan bağlarımda 400–500 nəfəri işlədir, əməkhaqqı ödəyirlər. Əgər hər il ziyan çəkirlərsə və meyvə zay olursa, niyə bağlara bu qədər vəsait xərclənir?”
Mansur İbrahimovun sözlərinə görə, zəbt olunmuş meyvə bağlarından 10 milyonlarla manat gəlir əldə edilir, lakin həmin vəsait ölkəyə qaytarılmır. O bildirib ki, keçmiş deputat İlham Əliyev müxtəlif hakimlərin əli ilə illərdir bağlarını zəbt altında saxlayır:
“Bu sürtülmüş iddiaları var. Hər dəfə bir yamaq vurub məhkəməyə verirlər. Özləri də yaxşı bilirlər ki, iddiaları təmin olunmayacaq. Amma iddiaların baxılması bir il çəkdiyi üçün 5 ildən çoxdur ki, bağlarımın qaytarılmasını əngəlləyirlər. Məhkəməyə müraciət hüququndan sui-istifadə edirlər”.
M.İbrahimov xatırladıb ki, 6 ildir məhkəmə oyunları vasitəsilə bağlarının qaytarılması gecikdirilir:
“İlham Əliyev qayınatası vəzifədə olanda mənə təsir edirdi. İndi isə müxtəlif vəsatətlərlə, şikayətlərlə vaxtı uzadır. Məhkəmə davalarını sonsuz bir şouya çevirib”.
musavat.com