Kreml lideri azərbaycanlı həmkarını sammitdə görmək istəyirsə, Düşənbədəki vədinə sadiq olmalıdır - Bakıdan çağırış
“MDB-nin Yeni il öncəsi ənənəvi qeyri-rəsmi sammiti bu il dekabrın 21-22-də Sankt-Peterburqda keçiriləcək”. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə, bu qeyri-rəsmi görüşdən əlavə, Ali Avrasiya İqtisadi Şurasının iclası da keçiriləcək.
Sammitdə Azərbaycan Prezidentinin iştirak edəcəyi hələ açıqlanmayıb. Ötən il ənənəvi sammitə yola düşən gün Qroznıda təyyarəmiz vurulub. Bu səbəbdən Rusiya ilə 10 ay davam edən gərginlikdən sonra Düşənbə görüşündə Kreml lideri kompensasiya ödəniləcəyini və istintaqın ilin sonuna qədər yekunlaşacağını, cinayəti törədənlərin cəzalanacağını bildirib. Bu baxımdan Prezident İlham Əliyevin Sankt-Peterburqa gedib-getməyəcəyi yəqin ki, həm də təyyarə hadisəsi ilə bağlı Rusiyanın atacağı addımdan asılı olacaq.
Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın sammitdə iştirakı istisna deyil. Əgər Əliyev və Paşinyan Rusiyaya gedərsə, Kreml başçısı Putinin iştirakı ilə üçtərəfli görüş ehtimalı var. Hərçənd belə bir formata sülh prosesi cəhətdən zərurət yoxdur. Liderlər ən yaxşı halda regional gündəliyi müzakirə edə bilərlər...
Qeyd edək ki, oktyarbda Düşənbədə keçirilən MDB liderlərinin sammitində Şərqi Zəngəzurun incisi Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi təqdim edilməsi vaxtilə 30 il ərzində erməni işğalı altında qalmış tarixi-mədəni irsin və simvolik əhəmiyyətə malik ərazilərin beynəlxalq platformalarda tanıdılması, həmçinin bu məsələlərin MDB kontekstində gündəmə gətirilməsi Azərbaycanın mədəniyyət diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir. Digər analitik aspekt ondan ibarətdir ki, regional balanslaşmaların əhəmiyyətini önə çəkən Prezident İlham Əliyevin Düşənbə sammitindəki çıxışları digər beynəlxalq qurumlarda olduğu kimi, bu siyasi platforma çərçivəsində də ölkəmizin önəmli rolunu qorumaq niyyətində və gücündə olduğunun ifadəsidir. Bu, həm də o anlama gəlir ki, Azərbaycan ilk növbədə Qafqaz, Orta Asiya, postsovet məkanlarında öz mövqeyinin daha da möhkəmləndirilməsini hədəfləyir.
Yada salaq ki, bu ay Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik şuraları katiblərinin 13-cü iclası keçirilib. MDB-yə təhdidlər, onlara cavab tədbirləri və Qərbin ideoloji təbliğatına qarşı mübarizə təhlükəsizlik şuraları katiblərinin 13-cü iclasının əsas mövzusu olub. İclasda “MDB-də təhlükəsizliyə qarşı çağırışlar və təhdidlər və mümkün birgə cavab tədbirləri” də müzakirə olunub. ABŞ Hərbi Kəşfiyyat Agentliyi Rusiyanın Mərkəzi Asiyada və Cənubi Qafqaz regionunda artan təsirindən narahatlığını ifadə edən hesabat yaymışdı.
ABŞ hərbi kəşfiyyatının hesabatında qeyd olunurdu ki, Rusiya Mərkəzi Asiyada ənənəvi təsir rıçaqlarını saxlayır. Moskvanın region dövlətləri ilə dərin tarixi, iqtisadi, siyasi, hərbi və mədəni əlaqələri Mərkəzi Asiyada davamlı mövcudluğunu saxlamağa imkan verir. Rusiya Mərkəzi Asiya təhlükəsizliyinə özünün ayrılmaz hissəsi kimi baxır. Hesabatda qeyd olunurdu ki, Rusiya bu ölkələrə, regionun təhlükəsizlik arxitekturasına nəzarət etmək üçün təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) deyil, həm də MDB-dən istifadə edir. Aydındır ki, MDB çoxdan formal quruma çevrilib, amma Rusiya əsas moderator kimi qurumun saxlanılmasında, Qərb isə əksinə, dağılmasında maraqlıdır. ABŞ kəşfiyyatının son hesabatında da MDB-nin rolunun qabardılması təsadüfi deyil.
Professor Qabil Hüseynli Azərbaycan rəhbərliyinin Rusiyaya səfərini istisna etmir. Onun fikrincə, Bakının Moskvadan vurulan təyyarə ilə bağlı gözləntiləri var və bu problemlər sammit gününə qədər həllini tapmalıdır: “Əgər Rusiya məsələni uzatmağa davam edərsə, Azərbaycan MDB sammitində iştirak etməyə bilər. Nəzərə alaq ki, ötən il də dövlət başçısı Peterburqa MDB liderlərinin toplantısına gedirdi və həmin gün təyyarə vurulduğu üçün dərhal geri qayıtdı, aeroportda müşavirə keçirdi. İndi açıq qalan məsələlər həllini gözləyir. Putin Əliyevi sammitdə görməyi arzu edirsə, Düşənbədə verdiyi vədi yerinə yetirməlidir. Cənab İlham Əliyev bu hadisə ilə bağlı mövqeyində israrlıdır, dəyişməzdir və vətəndaşlarımızın həlak olması ilə bağlı tələblərini qüvvədə saxlayır”.
Siyasi şərhçi Ramiyə Məmmədova isə qeyri-rəsmi sammitdə iştirakı o qədər də mühüm saymır: “Əlbəttə ki, Azərbaycan Prezidentinin Peterburqa getməsi mümkündür. Azərbaycan Rusiya ilə münasibətlərə ciddi əhəmiyyət verir. Bakı heç zaman Moskvanın qəzəbinə səbəb olan siyasət yürütməyib və gərginliyə səbəb olmayıb. Bu günə qədər yaşananların hamısında qarşı tərəfin günahı var. Rusiya nəhayət anlamalıdır ki, qonşularına necə münasibət bəsləməlidir. Azərbaycan Cənubi Qafqazın lideridir, heç bir dövlətdən asılı deyil, müstəqil xarici siyasəti var və ona təzyiq göstərməklə hansısa qərarlar verməsinə məcbur etmək mümkün olmayacaq. Rusiya da Azərbaycanın siyasətini qəbul etməli və normal əməkdaşlıq qurmalıdır”.
Onun fikrincə, əgər AZAL təyyarəsi ilə bağlı Rusiya dekabrın 20-dək addım atmasa, sammitdə iştirak məsələsi sual altına düşəcək.
musavat.com