Вернуться назад Распечатать

BMU ilə Özbəkistan universitetləri arasında memorandumlar imzalandı - Fotolar

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “QS Avrasiya Forumu 2025” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə bu ölkənin iki nüfuzlu ali təhsil müəssisələri - “Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutu” Milli Tədqiqat Universiteti (TIIAME) və Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti (ÖzMU) arasında memorandumlar imzalanıb.

1xeber.media -nın məlumatına görə, TIIAME ilə əməkdaşlıq memorandumunun imzalanması mərasimindəki çıxışında BMU-nun rektoru Yaqub Piriyev vurğulayıb ki, sənəd iki universitetin akademik və elmi əlaqələrinin daha sistemli şəkildə inkişafını nəzərdə tutur və Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının təhsil müstəvisində real nəticələrini əks etdirir.

Rektor bildirib ki, Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin yüksək səviyyəli münasibətləri ali təhsil sahəsində yeni müştərək təşəbbüslərin reallaşdırılmasına geniş imkanlar açır.

TIIAME-nin rektoru Baxodir Mirzaev öz növbəsində BMU ilə əməkdaşlığı mühüm addım kimi qiymətləndirərək gələcək birgə elmi layihələr və mübadilə proqramlarının əhəmiyyətini qeyd edib.

BMU-nun ÖzMU ilə imzaladığı anlaşma memorandumu çərçivəsində isə tərəflər ali təhsil sahəsində mövcud əməkdaşlıq istiqamətlərini və gələcək planları ətraflı müzakirə ediblər. Rektorlar Yaqub Piriyev və Inom Madjidov iki ölkə arasında elm və təhsildə formalaşmış yüksək səviyyəli tərəfdaşlığı xüsusi vurğulayıblar. Görüşdə ikili diplom proqramları, akademik mobillik, doktorantlara elmi rəhbərlik, Scopus bazasında indekslənən nüfuzlu jurnallarda birgə məqalələrin artırılması, mühəndislik, kimya və iqtisadiyyat sahələrində uzunmüddətli əməkdaşlıq planları müzakirə olunub.

Hər iki sənəd BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci istiqamətinə uyğun olaraq universitetlər arasında elmi, akademik və innovativ fəaliyyətlərin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.