Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, 1-ci Yaşıl ada, ev 3 ünvanında fiziki şəxs Əzimov Rövşən Xoşgün oğluna məxsus “Tandir House Lənkəran” ictimai iaşə müəssisəsində plandankənar yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1xeber.media- a verilən məlıumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu məlum olub.
Müəssisədə məhsulların saxlanması və emalı sahələrinin izolyasiya edilmədiyi, anbar sahəsinin və ayrıca yuma çanaqlarının təşkil olunmadığı, hazırlanan yarımfabrikatların üzərində etiket məlumatlarının olmadığı, soyuducunun rəflərinin korroziyaya uğradığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.