“Kilsələrdə etiraf günləri olur. Bunu Azərbaycandakı məscidlərdə də reallaşdırmaq lazımdır”.
Bu sözləri açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib. Onun sözlərinə görə, bu cür tədbirlər insanlara daxili sülh və rahatlıq tapmaqda dəstək olur. Ekspert qeyd edib ki, bənzər təşəbbüsün Azərbaycandakı məscidlərdə də reallaşdırılması faydalı ola bilər:
"Biz hər şeyi ört-bastır etməyi sevən, kədərimizi gizlətməyə, xəstələrimizi başqalarının gözündən yayındırmağa çalışan bir cəmiyyətik. Amma bizim toplum da dünyada gedən proseslərdən keçməlidir. Uşaqlıqda bullinqə məruz qalmağımız, qorxudulub, çəkindirilməyimiz, ailədə başımıza qapaz vurularaq “sən uşaqsan, sus, dinmə” deyilərək susdurulmağımız az olmayıb. Biz kənddən şəhərə, şəhərdən xarici ölkəyə getmək istədikdə, ata-analarımız “vay getmə gözümdən, ölərəm” deyərək bizim bütün arzularımızı, tale və uğurlarımızı puç ediblər. Yəni, elə şeylər var ki, həm tanınmışların, həm də sadə insanların başına gəlib. Bəzi tanınmışlar bunu sənət əsərinə çevirib və başqalarının dilində tamaşaçılara çatdırmaq istəyirlər. Elələri də var ki, bunu ömürlərinin sonuna qədər gizlədirlər”.
Ekspert düşünür ki, bu ictimai, sosial, mədəni etiraflara cəmiyyət olaraq ehtiyacımız var:
“Qanunvericilikdə müəyyən dəyişikliklər edilir ki, ailədaxili təzyiq və zorakılıq halları və uşaqlara qarşı hər hansı təhdidlər olmasın. Onlar öz həyatlarını yaşaya bilsinlər. Yaxud məktəbdə öz yaşıdlarından tutmuş müəllimlərə qədər heç kim onları təzyiq altında saxlamasın. Əgər bizdə etiraflar olmasa, adi vətəndaşlar və sənət adamlarının dilindən günahlarının bağışlanılmasını dilədiklərini görməsək, qanunvericilikdəki dəyişikliklər həyatdakı hadisələrə təsir etməyəcək. Beləliklə, nəsillər arasında eyni səhvlərə yol veriləcək. Buna görə də sənət adamlarının həmin olaylarla bağlı fikir söyləməsi, ağlayıb-sızıldamalarını normal qəbul etməliyik. Çünki onlar da insandırlar, müxtəlif problemlərlə üzləşirlər. Bunu dilə gətirəndə niyə pis olur və insanlar niyə onların üstünə düşürlər?
Hər hansı bir sənət adamının kədəri ilə bu artıb azalırsa, deməli, həmin cəmiyyətin özündə problem var. Sənət adamlarının, xüsusilə, həssas olanlarının başına müxtəlif olaylar gəlib. Təkrarlanmaması üçün onların etiraflarına böyük ehtiyac var. Xristian və Avropa cəmiyyəti bunu dini baxışa qədər aparıb çıxarıb. Kilsədə müəyyən etiraf günləri olur və bu zaman insanlar keçirtdiyi sarsıntılarla bağlı fikirlərini bölüşür, müəyyən mənada tanrıdan ruhani vasitəsilə cəmiyyətdən üzrxahlıq istəyirlər. Müsəlman cəmiyyətində bu metod işlək deyil. Biz dəfələrlə təklif etmişik ki, məscidlərdə etiraf otağı olsun və mollaların arasında psixoloqlar da fəaliyyət göstərsin. İnsanlar psixoloqa gedib deyə bilmədiyini gizli otaqda ilahiyyatçı psixoloqla bölüşsün və yüngülləşsinlər. Təəssüflər olsun ki, həmin təklif hələ də reallaşmayıb. Nəyə görəsə biz mobil telefon, texnoloji yeniliklər kimi yenilikləri özümüzə nümunə götürürük. Amma belə həyati məsələləri özündə ehtiva edə təcrübələri gözardı edirik.
Bütün bunlar olmadığı üçün insanlar, sənət adamları sosial verilişlərdə, müxtəlif efirlərdə bunu həyata keçirirlər. Həmin etiraflar sosial yüklü verilişlərdə də olur. İnsanlar günahkarı bir kənara qoyub qurbanı vururlar. Bu təfəkkürü atmaq və etirafları normal qəbul etmək lazımdır. Bəli, sənət adamları da kədərlərini büruzə verə bilərlər. Bu kədərin arxasında ictimai, sosial mahiyyət və fəlsəfə dayanmalıdır. İctimaiyyətə təsiri olmayan bir məsələni psixoloqla bölüşmək olar. Amma bu məsələ bir neçə insana, ümumiyyətlə cəmiyyətə təsir edirsə, təkrarlanıb başqalarının həyatını məhv edə bilərsə, onu ictimai müzakirəyə çıxarmaq lazımdır”.yenisabah.az