Xalq artisti, məşhur aktyor Ramiz Novruzun qızı Şəfəq Novruz öz instaqram səhifəsində erməni stilist Georgi Kot ilə fotosunu paylaşaraq ölkə gündəmini yenə silkələyib.
1xeber.media xəbər verir ki,bu barədə Sima Babayeva Facebook səhifəsində paylaşım edib.
Babayeva daha sonra bildirib ki,Ş.Novruz fotonun altında “Mənim üçün çox müqəddəs insan, mənim müəllimim, mənim üçün atamdan sonra ikinci əziz insan” yazıb. Stilist-vizajist Şəfəq Novruz əvvəllər də Kotla səmimi şəkillər paylaşıb ictimai qınağa məruz qalmışdı.
Görünür ki, öz millətinin (hər halda sənədlərdə azərbaycanlı yazılmış olar) rəyi onun üçün əhəmiyyət kəsb etmir. Erməni müəlliminin hörməti onun üçün daha önəmlidir. Axı onu müqəddəs, ata əvəzi hesab edir.
Şəfəq Novruzun aktyor qardaşı Cavidan Novruz Qaynarinfo-ya açıqlamasında bu fotonun 2014-cü ildə çəkildiyini bildirib:
"İndi nə oldu ki, yenidən gündəmə qayıtdı? Bu məsələlərə qarışmıram. Kim nə istəyir, yazsın, nə istəyir, paylaşsın, mənim öz həyatım, öz işlərim, problemlərim var.
Məni bu məsələlərlə bağlı işlərimdən kimsə ayırmasın. Ölkədə sənət adamları ilə bağlı bundan böyük problemlər var, yaxşı olar ki, onları həll etsinlər".
Daha sonra Cavidan Novruz deyib:
"Şəfəq sənəti ilə bağlı nəsə edibsə, o saat ləkə yaxmayaq ki, erməniyə pərəstişkarlıq edirik, nə bilim nə.
Ramiz Novruz saglığında ölkədə 20 Yanvar, Xocalı faciəsi ilə bağlı ürək yanğısı ilə pyesler yazıb, öz hesabına tamaşa hazırlayan bir kişi olub.
Onun ailəsi, övladları da o kişinin qanındandır. Bizim müharibə dönəmlərində etdiklərimizi heç kim bilməyib, əldə bayraq etməmişik.
Çünki etsək də, belə yaxşı şeylər heç vaxt işıqlanan deyil. Artıq dərəcədə xahiş edirəm, köhnə söhbətləri ağartmayaq".
Cavidan bəyə xatırladıram ki, bacısı Şəfəq xanım Georgi Kotla şəkillərini, videolarını yenicə paylaşıb. Hətta arxa fonda “Georgi Kot 2025” yazısı da var.
2014-cü ildə çəkilmiş şəkilləri də ola bilər. 2016-cı ildə də erməni stilistlə birgə, səmimi fotoları var idi.
Onda da mərhum aktyorumuz, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun obrazını canlandırmış Ramiz Novruz eynən oğlu kimi çıxış edərək qızına haqq qazandırmış, hətta Georginin erməni olmadığını bildirmişdi.
Halbuki bu adam özü öz dili ilə erməni olduğunu deyir. Atasının milliyəti tam açıqlanmasa da anası təmiz ermənidir.
Özü erməni məktəbini oxuyub, bitirib. Xatirəsində deyir ki, ailəmizdə hamı ermənicə danışıb. Yəqin bu qədər informasiya Novruzlar ailəsinə bəs olmayıb, ya da sərf etməyib.