BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İtaliyanın paytaxtı Romadakı mənzil-qərargahında yerləşən “Azərbaycan otağı”nda ən müasir imkanlar yaradılıb.
FAO-nun ofisində müxtəlif ölkələrin otaqları var. Burada MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanın adını daşıyan otaq yaradılıb.
Otaqda ən qabaqcıl texnoloji avadanlıqla yanaşı, Azərbaycanın qədim mədəniyyətini əks etdirən əşyalar da var. Bu mənada otağın alov formalı divarları Odlar diyarını təcəssüm etdirir. Otağın tərtibatında Azərbaycanın milli ornamentlərindən, musiqi alətlərindən, xalçalarından istifadə olunub. FAO ilə Azərbaycanın birgə layihəsi olan bu otaqda təşkilatın fəaliyyəti üçün bütün şərait mövcuddur. Burada əməkdaşlar və qonaqlar üçün ən müasir imkanlar var.
FAO-nun baş ofisində “Azərbaycan otağı”nın olması, burada Azərbaycanın mədəniyyətinin və milli ruhunun əks etdirilməsi, şübhəsiz, buraya gələn insanları ölkəmizi, qonaqpərvər xalqımızı ziyarət etməyə sövq edir. Bura qədim tariximizin, zəngin mədəni irsimizin, ümumilikdə, ölkəmizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Mədəni və bədii nöqteyi-nəzərdən otaq çox cəlbedici və praktiki olmaqla yanaşı, həmçinin buradan gözəl mənzərə açılır. Otaq BMT binaları üçün tətbiq olunan ən yüksək təhlükəsizlik tədbirlərinə cavab verir.
Qeyd edək ki, “Azərbaycan otağı”nın açılışı 2018-ci il sentyabrın 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə olub. Otaq Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təsis edilib.
Xatırladaq ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Ölkəmizdə qurumun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Azərbaycanda təşkilatın ilk əlaqələndirmə və tərəfdaşlıq ofisi də var.