Вернуться назад Распечатать

Şuşakəndin yeni nəfəsi- Əhliyət Abbasovun hekayəsi

1xeber.media xəbər verir ki,Evimizə gəldik! rubrikasının ilk qonağı Şuşakənd sakini 79 yaşlı Əhliyət Abbasovdur

Xocalı rayonunun Şuşakənd kəndində həyat yenidən canlanır. Uzun illər işğal altında qalan kənd  bərpa edilərək, sakinlərini yenidən qarşılayır. Kəndə ilk mərhələdə dönən ailələr arasında bu torpağın köklü sakinlərindən biri də 79 yaşlı Əhliyət Talış oğlu Abbasovdur.

Əhliyət Abbasov uzun illər Şuşa şəhəri və ətraf yaşayış məntəqələrində həm dəmirçi, həm də sınıqçı kimi fəaliyyət göstərib. El-obanın sevgisini qazanmış Əhliyət kişinin elində xoş günləri uzun çəkmir. Müharibə, Abbasovlar ailəsini də öz yurdundan didərgin salır. 1-ci Qarabağ müharibəsindən sonra ailə uzun müddət Ağcabədi rayonunda məcburi köçkün həyatı sürməyə məcbur olur.79 yaşlı  Əhliyət Abbasov bu gün yenidən doğma torpağına qovuşmasının sevincini yaşayır.

O, deyir ki, illərlə çəkilən yurd həsrəti ən çox içini yandıran hiss olub:“Buraya qayıtmaq ömrümün ən böyük arzusuydu. Hər gecə yuxularımda Şuşanı, doğma torpaqları görürdüm. Bu gün o arzu gerçəkləşdi.” Bu gün Əhliyət kişi 7 övladı, 25 nəvəsi, 5 nəticəsi ilə torpağa ayaq basıb. O deyir ki,  doğma yurda dönüş təkcə onun üçün deyil, bütün ailəsi üçün böyük sevinc və qürurdur. Əhliyət  Abbasov bu gün də torpağında yarımçıq qalan işini, sənətini davam etdirir. El arasında sınıqçı kimi tanınan Əhliyət kişi kömək üçün onu deyib gələnləri ümidsiz buraxmır. O, öz həyətində abadlıq işlərinə də başlayıb. 32 ildən çoxdur ki, ayrı düşdüyü vətən torpağında öz həyatını yenidən qurur.

Onun sözlərinə görə, qayıdış təkcə fiziki olaraq torpağa dönmək deyil, həm də insanın mənəvi olaraq özünü tapmasıdır.Bu gün bu torpaqlarda həyat yenidən öz axarına qayıdır. Xocalı rayonunun Şuşakənd kəndində hazırda geniş bərpa işləri aparılır. Yenilənmiş infrastruktur, yenidən təmir edilən evlər, çəkilən kommunikasiya xətləri burada normal yaşayışın bərpasına şərait yaradır. Sakinlərin öz doğma yurdlarına qayıtması bölgədə sosial-iqtisadi canlanmanın əsas göstəricilərindən biri kimi qiymətləndirilir. Qeyd edək ki, kəndə köç prosesi mərhələli şəkildə davam etdir. Sakinlər evlərinə qayıdır. Evimizin işığını yenidən yandırırıq.